Rusiya ilə Ukrayna arasındakı müharibə "strateji dalana" dirənib və onu tezliklə diplomatiya yolu ilə həll etmək üçün perspektiv yoxdur.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio Afinaya səfəri zamanı yerli mediaya müsahibəsində deyib.
O bildirib ki, mövcud vəziyyət ya danışıqlar yolu ilə, ya da bir və ya hər iki tərəfin eskalasiyaya getməsi yolu ilə həll edilə bilər. Rubio qeyd edib ki, Rusiya Donbas üzərində tam nəzarət tələb etdiyi üçün "bu mərhələdə diplomatik həll perspektivi yoxdur". Çünki bu, Ukraynanın qəbuledilməz hesab etdiyi bir şeydir.
O deyib ki, ABŞ "dünyanın eskalasiya riski ilə bağlı narahatlığını" bölüşür və bu, "sonda digər ölkələrə təsir edə və daha böyük qarşıdurmaya çevrilə bilər". Rubionun sözlərinə görə, "Putinin qarşıdan gələn qışdan istifadə edərək Ukraynanın enerji sistemini tamamilə məhv etmək və onu təslim olmağa məcbur etmək niyyətində olduğuna dair açıq əlamətlər var".
Dövlət Katibi eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı uzun mənzilli hücumlar üçün imkanlarını artırdığını qeyd edib. Bundan əlavə, Qara dənizdə gəmilərə hücumlar davam edir. O, ABŞ-nin sülh müqaviləsini asanlaşdırmaq üçün danışıqlar prosesində konstruktiv rol oynamağa hazır olduğunu vurğulayıb:
“Biz bunu əvvəllər də etməyə çalışmışıq, amma hələlik bu hədəf əlçatmazdır... Bu müharibə artıq beşinci ilindədir, baxmayaraq ki, əvvəlcə heç kim bu gedişatı planlaşdırmırdı. Düşünmürəm ki, Putin münaqişəni bu cür təsəvvür edirdi, ona görə də hadisələr onun təsəvvür etdiyi kimi inkişaf etmədi”.
“AzPolitika.info”


Şərhlər