Rusiyada qiymətlər kəskin şəkildə bahalaşmağa davam edir. Sentyabrın sonu - oktyabrın əvvəlində illik inflyasiya 7,1%-ə çatıb ki, bu da Rusiya Mərkəzi Bankının və İqtisadi İnkişaf Nazirliyinin proqnozlarının üst həddini xeyli üstələyir. Buna əsas səbəb kimi mənzil-kommunal xidmət (İKT) tariflərinin kəskin artımı, mülki iqtisadiyyatın tənəzzülü və rekord həddə çatan hərbi xərclər göstərilir.
"Rosstat"ın məlumatına görə, oktyabrın 5-nə olan göstəricilərə əsasən, həftəlik inflyasiya sürəti 8 dəfə artaraq 0,96%-ə yüksəlib. Oktyabrın 1-dən (Dövlət Dumasına seçkilərdən dərhal sonra) ölkə üzrə kommunal xidmət tariflərinin növbəti məcburi indeksasiyası həyata keçirilib. Rəsmi açıqlamalara görə, ölkə üzrə orta artım 9,9% təşkil etsə də, reallıqda mənzərə daha ağırdır. Məsələn, Stavropol diyarı və Dağıstanda tariflər 20-22%, ağır iqtisadi böhran yaşayan Kemerovo vilayətində (kömür sənayesinin tənəzzülü fonunda) isə təxminən 65% bahalaşıb.
Ekspertlərin fikrincə, mövcud iqtisadi böhranın əsas hərəkətverici qüvvəsi durmadan artan və nəzarətdən çıxan hərbi xərclərdir. "Bloomberg" qeyd edir ki, cari ildə Rusiyanın hərbi xərcləri demək olar ki, 17 trilyon rubla çatacaq ki, bu da əvvəlcədən təsdiqlənmiş büdcə planından 40% çoxdur.
İqtisadçı Yekaterina Vlasova hesab edir ki, hökumət hər nə qədər büdcədə Ukraynadakı müharibənin uzanacağı ssenarisini nəzərdə tutsa da, əslində bu hərbi avantüranın real maliyyə yükünü hələ də tam qiymətləndirə bilmir. Eyni zamanda, neft satışından gələn valyuta daxilolmaları da azalıb. "Bloomberg" yazır ki, əsas alıcılardan biri olan Hindistan Rusiya neftinin idxalını 2022-ci ildən bəri ən aşağı səviyyəyə endirib.
İqtisadi çətinliklər fonunda Moskvanın itirilmiş Avropa enerji bazarını qismən də olsa geri qaytarmaq üçün müxtəlif vasitələrə əl atdığı bildirilir. "Reuters" agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya və ABŞ rəsmiləri Baltik dənizinin dibi ilə keçən və Rusiyanı Almaniya ilə birləşdirən "Şimal axını" qaz kəməri vasitəsilə tədarükün bərpası imkanlarını müzakirə edirlər.
Bu prosesin siyasi səviyyədə əsas dəstəçilərindən biri Almaniyanın ifrat sağçı, hazırda seçicilər arasında reytinqə görə ön sıralarda olan "Almaniya üçün Alternativ" (AfD) partiyasıdır.
İqtisadçı Boris Qrozovski bildirir ki, Mərkəzi Bankın inflyasiyanı yenidən hədəflənən 4%-ə endirmək ümidləri tamamilə puç olub: "Kommunal tariflərin və enerjinin bu dərəcədə artımı fonunda qiymətlərin yavaşlaması qeyri-mümkündür. İqtisadiyyat staqnasiya içindədir. Mülki sektorda açıq-aydın tənəzzül, hərbi sektorda isə süni artım müşahidə olunur – yəni iqtisadiyyat iki fərqli qütbə parçalanıb. Lakin hələlik hökuməti bu balans qane edir".
Ekspertlər qeyd edirlər ki, hökumətin iqtisadiyyatı tamamilə çökdürmədən inflyasiyanı necə cilovlayacağı, bitmək bilməyən hərbi xərcləri hansı daxili ehtiyatlar hesabına maliyyələşdirəcəyi və Avropaya qaz ixracını hansı şərtlərlə bərpa edəcəyi yaxın gələcəkdə Rusiyanın taleyini müəyyən edən əsas suallar olaraq qalır.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər