Gələn ay Sumqayıtda regionda ilk kalium sulfat fabrikinin rəsmi açılışı nəzərdə tutulur.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu "Elba Chem" QSC-nin direktoru Hakan Özbek Bakıda keçirilən III Beynlxalq Aqro Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, müəssisə may ayından etibarən sınaq rejimində işləyir: "Bu fabrik həm Azərbaycan, həm də region üçün çox vacibdir. Bu gübrənin mövcudluğu Azərbaycandakı qida məhsullarının daha keyfiyyətli, daha dayanıqlı və daha ucuz əldə edilməsini təmin edəcək. Təbii ki, bu yalnız bizim gübrəmizlə olmur. Bütün kənd təsərrüfatı sektorunun zəncirvari şəkildə atdığı addımlarla mümkün ola bilər".
Şirkət direktoru qeyd edib ki, bu fabrik regionda bir ilkdir:
"Gürcüstanda və ya Qazaxıstanda da bənzəri yoxdur. Dünyadakı ən böyük istehsalçı olan Çin bu gübrənin strateji əhəmiyyətini bildiyi üçün 2025-ci ilə qədər xaricə satışına icazə vermir. Buna görə də bu gübrənin yerli istehsalı Azərbaycan üçün artıq daha böyük əhəmiyyət kəsb etməyə başlayıb".
H. Özbek bildirib ki, fabrik Azərbaycanın illik 10 min ton olan ehtiyacına qarşılıq 40 min ton tutumla qurulub:
"Gələn ildən etibarən istehsalın 30 min tonunu ixrac etməyi, 10 min tonunu isə Azərbaycan daxilinə təqdim etməyi planlaşdırırıq. Xaricdə rəqabət edə bilməyimizin yolu isə dövlət dəstəklərindən və subsidiyalardan keçir. Digər dövlətlərin kənd təsərrüfatı sektoruna verdiyi dəstəklər əslində birbaşa bizə deyil, fermerlərə yansıyır. Çünki bu sayədə xərcimiz azalır və məhsulu daha ucuza sata bilirik. Gürcüstana bu malın Özbəkistandan getməsi ilə Azərbaycandan getməsi arasındakı əsas fərq dövlətlərin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstəkdir".
Buna görə də o, bu rəqabətin dövlət tərəfindən də izlənilməsi lazım olduğunu düşünür:
"Azərbaycanda bu cür başqa fabriklərin də açılması lazımdır. Rəqabətin olduğu yerdə biz də, onlar da inkişaf edir, Azərbaycan da inkişaf edir. Gələcəkdə gübrənin həm ixrac baxımından, həm də ölkə daxilindəki istifadəsi baxımından daha çox yer tutacağını proqnozlaşdırırıq".


Şərhlər