Rəsul Mirhəşimli
Vəd verib sonra onu yerinə yetirmək təkcə insanın dürüstlüyünün göstəricisi deyil, həm də həmin insanın nə qədər məsuliyyətli olduğunu nümayiş etdirir. Bu səbəbdən məsuliyyətli insan görə bilməyəcəyi işin vədini verməz, vəd verdisə, onu yerinə yetirməyə çalışar. Çünki vəd sadəcə dilə gətirilən söz deyil, qarşı tərəfdə müəyyən gözlənti yaradan mənəvi öhdəlikdir. İnsan “edəcəyəm” dediyi anda qarşı tərəfin düşüncəsində gələcəklə bağlı müəyyən inam formalaşdırır və həmin sözün yerinə yetirilməməsi yalnız konkret bir işin baş tutmaması ilə nəticələnmir, eyni zamanda, həmin inamı da sarsıdır.
Azərbaycan cəmiyyətində “kişi sözü” ifadəsinin tarixən xüsusi mənası olub. Bu anlayış sadəcə verilmiş vədi deyil, insanın öz adına, şəxsiyyətinə və nüfuzuna bağladığı məsuliyyəti ifadə edib. Azərbaycanlı üçün sözün çəkisi bəzən yazılı sənəddən belə üstün tutulub. Aleksandr Dümanın Qafqaza səyahəti zamanı bölgə xalqları haqqında apardığı müşahidələrdə də sözə və etibara xüsusi münasibət diqqət çəkir. Dümanın əsərində Qafqazda yaşayan “tatarlar” (dövrün terminologiyasında azərbaycanlılar – R.M) haqqında onların baş işarəsinə belə etibar edilə biləcəyini ifadə edən fikirlər yer alır. Bu müşahidə sözün və davranışın bir insanın etibarlılığını müəyyənləşdirməsində nə qədər mühüm rol oynadığını göstərir.
Əslində, vədin əhəmiyyəti yalnız Azərbaycan ənənəsi ilə məhdudlaşmır. Müxtəlif dinlərdə və fəlsəfi məktəblərdə verilmiş sözə sadiqlik insanın mənəvi keyfiyyətlərindən biri kimi qəbul olunub. İslamda isə əhdə sadiqlik xüsusi əhəmiyyət daşıyan əxlaqi prinsiplərdəndir. Qurani-Kərimin “İsra” surəsinin 34-cü ayəsində buyurulur: “Əhdi də yerinə yetirin. Çünki əhd məsuliyyət daşıyır”. Bu ayədə diqqət çəkən məqam ondan ibarətdir ki, vədin yerinə yetirilməsi yalnız qarşı tərəfə hörmət məsələsi kimi təqdim edilmir, insanın məsuliyyəti kimi qiymətləndirilir. Yəni insanın dilindən çıxan söz onun şəxsi işi olaraq qalmır, həmin sözə görə cavabdehlik yaradır.
Qurani-Kərimin “Nəhl” surəsinin 91-ci ayəsində də əhdə vəfa etmək əmr olunur və insanlara verdikləri sözləri pozmamaq xatırladılır. Bu yanaşma vədin əxlaqi çəkisini daha da artırır. Çünki insanın heç kimin görmədiyi yerdə verdiyi söz belə mənəvi məsuliyyətdən kənarda qalmır. Burada söhbət yalnız böyük vədlərdən də getmir. Gündəlik həyatda verilən ən adi söz belə qarşı tərəfdə gözlənti yaradır və həmin gözləntiyə münasibət insanın xarakteri haqqında müəyyən təsəvvür formalaşdırır.
Vədi yerinə yetirməməyin ən böyük zərəri isə inamın sarsılmasıdır. İnsan bir dəfə sözünə əməl etməyən şəxslə qarşılaşdıqda gələcəkdə onun digər vədlərinə də ehtiyatla yanaşmağa başlayır. Bu hal təkrarlandıqca münasibətlərdə “görəsən, bu dəfə sözünü tutacaqmı?” sualı yaranır. Bir müddət sonra isə həmin insanın ən doğru sözləri belə şübhə ilə qarşılanır. Beləliklə, konkret bir vədin pozulması tədricən xarakter məsələsinə çevrilir və insanın etibarlılığına kölgə salır.
Etimad isə asan yaranan, amma çox çətin bərpa olunan dəyərlərdəndir. İnsanlar arasında inamın formalaşması üçün uzun müddət ərzində ardıcıl və düzgün davranış tələb olunur. Lakin həmin etimadı sarsıtmaq üçün bəzən bir neçə məsuliyyətsiz davranış kifayət edir. Buna görə də “mən bircə dəfə sözümü yerinə yetirmədim” yanaşması əslində problemin mahiyyətini kiçiltməkdir. Çünki qarşı tərəf həmin hadisəni yalnız bir hadisə kimi deyil, sizin gələcək davranışınız haqqında bir göstərici kimi qəbul edir.
Şərq mütəfəkkirlərinin əsərlərində də sözə sadiqlik insanın xarakteri ilə əlaqələndirilir. Sədi Şirazinin “Gülüstan” əsərində insanın verdiyi vədə əməl etməsi əxlaqi keyfiyyətlərdən biri kimi təqdim olunur. Sədi Şirazinin fikirlərində insanın böyüklüyü onun nə qədər danışması və nə qədər böyük vədlər verməsi ilə deyil, dediyi sözün arxasında dayanması ilə ölçülür. Bu yanaşma bu gün də öz aktuallığını qoruyur. Çünki sözlə əməl arasındakı məsafə böyüdükcə insanın cəmiyyət qarşısındakı etibarı azalır.
Hz. Əlinin “Nəhcül-bəlağə”də əhdə vəfa ilə bağlı fikirləri də bu baxımdan diqqət çəkir. Əhdə sadiqlik insanın mənəvi keyfiyyəti kimi təqdim olunur və xəyanətin, sözə xilaf çıxmağın “zirəklik” kimi qəbul edilməsinə qarşı xəbərdarlıq edilir. Bu fikir müasir həyat üçün də mühüm əhəmiyyət daşıyır. Çünki bəzən insanın verdiyi sözü yerinə yetirməməsi, qarşı tərəfi aldatması və vəziyyətdən öz xeyrinə istifadə etməsi “işini bilmək” kimi təqdim olunur. Halbuki qısamüddətli qazanc gətirən belə davranış uzunmüddətli perspektivdə insanın ən böyük sərvətlərindən birini, yəni etibarını əlindən alır.
Etibarın itirilməsi yalnız şəxsi münasibətlərə zərər vurmur. Cəmiyyətin normal fəaliyyəti də insanların bir-birinin sözünə nə qədər inanmasından asılıdır. Gündəlik həyatda insanlar bir çox qərarları qarşı tərəfin dediklərinə inanaraq qəbul edirlər. Dost dostunun yardımına, işçi rəhbərinin sözünə, rəhbər işçisinin öhdəliyinə, tərəfdaş digər tərəfin verdiyi sözə güvənir. Bütün bu münasibətlərin arxasında hər zaman yazılı müqavilə dayanmır. Onları işlək vəziyyətdə saxlayan əsas amillərdən biri qarşılıqlı etimaddır.
İnsanlar bir-birinin sözünə inanmadıqda isə hər məsələ üçün əlavə təminat və nəzarət tələb olunur. Hər vədin yazılı təsdiqi, hər öhdəliyin ayrıca sübutu, hər münasibətin arxasında məcburi mexanizm dayanmalı olur. Bu isə cəmiyyət üçün əlavə vaxt və resurs itkisi deməkdir. Daha vacibi isə insanların bir-birinə mənəvi məsafəsinin artmasıdır. Etimadın olmadığı münasibətdə insanlar artıq bir-birinə inandıqları üçün deyil, məcbur olduqları üçün əməkdaşlıq etməyə başlayırlar.
Vədi yerinə yetirməməyin başqa bir təhlükəli tərəfi insanın öz daxilində məsuliyyət hissinin zəifləməsidir. Bir dəfə verdiyi sözə əməl etməyən və buna asanlıqla bəraət qazandıran insan ikinci dəfə eyni davranışı daha rahat nümayiş etdirə bilər. “Onsuz da bir şey olmadı” düşüncəsi zaman keçdikcə davranış modelinə çevrilir. Nəticədə insan yalnız başqalarının etimadını deyil, öz sözünün dəyərini də itirməyə başlayır. Halbuki insanın xarakteri ən çox verdiyi sözün arxasında dayanmasının çətin olduğu məqamlarda görünür.
Təbii ki, həyatda verilmiş hər vədin yerinə yetirilməsinin mümkün olmadığı hallar da olur. Gözlənilməz hadisələr, dəyişən şərtlər və insanın nəzarətindən kənarda yaranan problemlər bəzən ən səmimi vədi belə yerinə yetirməyə imkan vermir. Burada əsas məsələ vədin hansı səbəbdən yerinə yetirilməməsi və insanın bundan sonra necə davranmasıdır. Məsuliyyətli insan sözünü tuta bilməyəcəyini anlayanda bunu qarşı tərəfdən gizlətmir, bəhanələr uydurmur və digər insanı gözləntidə saxlamır. Əksinə, vəziyyəti izah edir və mümkün olduğu qədər yaranmış problemi aradan qaldırmağa çalışır. Bəzən vədi yerinə yetirə bilməmək bağışlana bilər, amma məsuliyyətdən qaçmaq və qarşı tərəfi aldatmaq daha böyük etimadsızlıq yaradır.
Bu səbəbdən məsuliyyətli insanın əsas xüsusiyyətlərindən biri çox vəd verməməsidir. İnsan edə bilməyəcəyi işə “edəcəyəm” deməklə özünü məsuliyyətdən azad etmir. Əksinə, həmin anda gələcəkdə yaranacaq problemin əsasını qoyur. “Bunu edə bilmərəm” demək bəzən “mütləq edəcəyəm” deyib sonra sözündən dönməkdən daha dürüst davranışdır. Çünki insanın gücü hər şeyi vəd etməkdə deyil, öz imkanlarını düzgün qiymətləndirməkdə və dediyi sözə uyğun davranmaqda görünür.
İnsanların verdikləri sözlərə əməl olunmadığını dəfələrlə görməsi onları gələcəkdə hər hansı vədə daha ehtiyatlı yanaşmağa vadar edir. Bu baxımdan, ictimai vədin məsuliyyəti şəxsi vəddən daha böyükdür. Çünki şəxsi vədin pozulması bir neçə insanın münasibətinə zərər verə bilər, ictimai vədin pozulması isə daha geniş sosial inamsızlıq yarada bilər.
Azərbaycanın milli-mənəvi dəyərləri baxımından “kişi sözü” anlayışının bu gün də əhəmiyyətini qoruması məhz bununla bağlıdır. Bu anlayışı yalnız kişilərə aid bir xüsusiyyət kimi deyil, ümumilikdə insan sözünün çəkisi kimi başa düşmək lazımdır. İnsan öz sözünə sahib çıxırsa, onun yaşından və sosial statusundan asılı olmayaraq həmin şəxsə etibar yaranır.
Əslində, Qurani-Kərimin əhdə vəfa ilə bağlı xəbərdarlıqları, Şərq mütəfəkkirlərinin söz və əməl arasında uyğunluğa verdiyi əhəmiyyət və Azərbaycan mədəniyyətində “kişi sözü”nün xüsusi dəyər daşıması eyni həqiqətin müxtəlif ifadələridir. İnsan verdiyi sözlə əməli arasında məsafə yaratmadıqda onun sözü dəyər qazanır, sözü dəyər qazandıqda isə ona olan etimad artır. Əksinə, söz asanlıqla verilib asanlıqla unudulduqda yalnız həmin vəd deyil, gələcək vədlərin də dəyəri azalır. Bu səbəbdən vədə sadiqlik sadəcə şəxsi keyfiyyət deyil, cəmiyyətin mənəvi sağlamlığına təsir edən mühüm dəyərdir.
İnsanın nə qədər böyük danışması yox, dediyi sözlərin arxasında nə qədər dayana bilməsi onun xarakterini göstərir. Vəd vermək asandır, amma verilmiş sözün məsuliyyətini daşımaq çətindir. Elə buna görə də etibarlı insan hər işə söz vermir, verdiyi sözün məsuliyyətini əvvəlcədən düşünür və mümkün qədər onu yerinə yetirir. Çünki sözün əsl qiyməti onu söyləyərkən deyil, həmin sözə əməl etmək çətinləşəndə ortaya çıxır. İnsan öz sözünün dəyərini qoruduğu zaman yalnız öz nüfuzunu deyil, ətrafındakı insanların ona olan inamını və cəmiyyətin ən vacib mənəvi dayaqlarından biri olan etimadı da qorumuş olur.


Şərhlər