Azərbaycanda ailə və nikah münasibətləri ilə bağlı maraqlı tendensiya müşahidə olunur. Ənənəvi olaraq qadınların həyat yoldaşının soyadını qəbul etməsi geniş yayılsa da, artıq əks nümunələrə də rast gəlinir. Belə ki, cari ilin ilk 9 ayı ərzində 28 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul edib.
Bəs bu seçim cəmiyyətdə gender bərabərliyinə münasibətin dəyişdiyini göstərir? Ümumiyyətlə, mövcud statiskinanın ortaya çıxma səbəbləri hansılardır?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən sosioloq Nail Cəlil bildirib ki, əslində ailə problemlərinin yaranmasında medianın təbliğatı müəyyən rol oynayır:
"Ancaq bunu təkcə media təbliğatı ilə bağlamaq da düzgün olmaz. Burada bir sıra obyektiv və subyektiv səbəblər mövcuddur. Məsələn, sosial şəbəkələşmə, qlobal tendensiyaların güclənməsi, kənar ailə dəyərlərinin Azərbaycan mühitinə daxil olması, qarışıq nikahların çoxalması və boşanmanın trendə çevrilməsi səbəblər sırasındadır. Digər vacib amil isə karyera və iş hədəfləri ilə şəxsi məqsədlərin qarışdırılmasıdır. Gənclər bəzən obyektiv səbəblərə görə, ailə qurmaqdan çəkinirlər. Statistika onu göstərir ki, təxminən 20 il əvvəllə müqayisədə ailə qurmaq yaşı 5-7 yaş gecikir. Həmçinin abortların statistikası da hər ötən gün yüksəlir. Bu gün istər bəylər, istərsə də xanımlar düşünürlər ki, varlı şəxslə ailə qursalar, xoşbəxt olacaqlar. Ona görə də, bu məsələdə təkcə bəyləri günahlandırmaq doğru deyil. Çünki, hazırda statistikada xanımlara daha çox iş təklifi edilir və onlar kişilərlə müqayisədə daha çox çalışırlar. Bəylərimiz isə bəzən xaricdə iş tapırlar və daha çox əcnəbilərlə ailə qururlar. Sonda da həmin xanımın soyadına keçid baş verir. Bu, hər kəsin şəxsi seçimi ola bilər. Amma istənilən halda kişi öz soyadını daşımalıdır. Xanımın soyadını qəbul etməməlidir. Hətta dünyada qəbul edilən norma da belədir ki, xanım kişinin soyadını götürməlidir. Kişi nə qədər kasıb olsa da, belə addım atmamalıdır. Çünki bu, gələcək üçün ciddi fəsadlara yol aça bilər. Hazırda texnologiya müəyyən mənada rolların da dəyişməsinə imkan verir. Belə çıxır ki, kişi və xanım öz rolunu dərk etmir. Hər bir halda bizim əsas missiyamız gender rollarının düzgün dərk edilməsi ilə bağlı olmalıdır. Kişi və qadın rolunun dəyişməsi cəmiyyəti fəlakətə aparır və biz bundan qaçmağı bacarmalıyıq".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər