Menu

Şeyxin bədəni niyə çürüməyib, buddistlər bu mağaraya niyə gəlir? - “Diri Baba” türbəsinin sirri (VİDEO)

09.10.2026, 12:42
Şeyxin bədəni niyə çürüməyib, buddistlər bu mağaraya niyə gəlir? - “Diri Baba” türbəsinin sirri (VİDEO)

"Diri Baba" türbəsinin adı burada inzivaya çəkilən şeyxlə bağlıdır. Rəvayətə görə, şeyx dünyasını dəyişdikdən sonra onun bədəni uzun müddət çürüməyib. Məhz buna görə yerli camaat onu “Diri Baba” adlandırıb və sonradan bu ad türbəyə də verilib.

"AzPolitika" xəbər verir ki, bunu “Diri Baba” türbə-kompleksinin rəhbəri Yusif Nazim Ərəbsoy türbənin tarixi, adının mənşəyi, ərazidəki mağaralar və bu məkanla bağlı danışarkən deyib. 

Ərəbsoyun sözlərinə görə, türbə 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahimin əmri ilə inşa edilib. İki mərtəbədən ibarət olan abidənin birinci mərtəbəsində namazgah yerləşir. İkinci mərtəbədə isə salondan şeyxin vaxtilə inzivaya çəkildiyi hücrəyə giriş var.

Türbənin ən diqqətçəkən xüsusiyyətlərindən biri qayaya söykənmiş vəziyyətdə, sütunsuz inşa edilməsidir. Abidə birbaşa qayanın içindəki mağara ilə əlaqəlidir. Kompleks rəhbərinin sözlərinə görə, həmin mağara Diri Baba adlandırılan şeyxin ibadət etdiyi, zikr etdiyi və inzivaya çəkildiyi yer hesab olunur. Rəvayətə görə, şeyx dünyasını da elə burada dəyişib.

"Diri Baba" türbəsi əsrlər əvvəl də səyyahların diqqətini çəkib. 1636-cı ildə alman səyyahı Adam Oleari bu ərazidə olub, türbənin qravürünü çəkib. Ərəbsoy bildirib ki, abidənin tarixi təsvirləri arasında Olearinin çəkdiyi rəsmlər xüsusi yer tutur. O, həmçinin akademik Dorn tərəfindən çəkilmiş fotolardan da bəhs edib.

Kompleks rəhbəri türbənin üzərindəki işarələrə də diqqət çəkib. Onun izahına görə, təsvirlərdən biri səkkizguşəli ulduzdur və cənnətin səkkiz qapəsi ilə əlaqələndirilir.

Ərəbsoy ərazinin əvvəlki adı ilə bağlı maraqlı məqama da toxunub. Onun sözlərinə görə, Qobustan şəhərinin əvvəlki adı Mərzə olub. 1647-ci ildə buraya səfər edən Osmanlı səyyahı Övliya Çələbi də ərazidən “Mərizə” və “Mərzə” adları ilə bəhs edib. Kompleks rəhbəri “Pir Mərzə” ifadəsinin mənasını türbə ilə əlaqələndirərək, adın zamanla dəyişərək Mərzə formasına düşdüyünü bildirib.

Ərazidəki mağaraların da ayrıca tarixi olduğu deyilir. Ərəbsoy həmin yerləri “Mədrəsə mağara” adlandırdıqlarını bildirib. Onun sözlərinə görə, bu məkan vaxtilə təlim ocağı olub. Şeyxin yerləşdiyi və sufi təlimlərinin keçirildiyi mağaradan başqa, müridlərin, yəni şagirdlərin qaldığı yerlər də olub.

Burada sufi təlimləri keçirildiyi, Qurani-Kərimin oxunduğu və zikr edildiyi bildirilir. Ərəbsoyun sözlərinə görə, müridlər yalnız dini biliklərə yiyələnməyib, təbabət kimi dünyəvi elmləri də öyrəniblər. Təlimlərini başa vurduqdan sonra isə müxtəlif şəhərlərə və ölkələrə gediblər.

Diri Baba türbəsinə maraq bu gün də davam edir. Kompleks rəhbəri bəzi buddistlərin də əraziyə gələrək burada meditasiya etdiklərini söyləyib. Onun sözlərinə görə, həmin şəxslər məkanın enerjisinin xoşlarına gəldiyini, burada müsbət enerji hiss etdiklərini bildirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol