Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiyanı rəsmən təsdiqləyiblər. Yeni məhdudiyyətlər paketinin əsas hissəsi Rusiyanın hərbi potensialını zəiflətməyə yönəlib.
“AzPolitika” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas sosial şəbəkə hesabında məlumat paylaşıb.
Kallas X platformasındakı paylaşımında qeyd edib ki, yeni sanksiyaların yarısından çoxu birbaşa olaraq ballistik raketlərin istehsal zənciri ilə əlaqəlidir.
Qərar Aİ ölkələrinin daimi nümayəndələrinin (səfirlərinin) ötən həftənin çərşənbə günü əldə etdikləri ilkin razılaşmanın nazirlər səviyyəsində təsdiqindən sonra qəbul olunub. Daha əvvəl Kaja Kallas bu sanksiya paketinin Rusiyaya qarşı indiyədək tətbiq edilən ən əhatəli paketlərdən biri olacağını bildirmişdi.
Ali nümayəndə vurğulayıb ki, Rusiyadan dizel yanacağına tətbiq olunan sanksiyaların yüngülləşdirilməsi və ya ləğvi Moskvaya müharibəni davam etdirmək üçün əlavə maliyyə vəsaiti qazandırır: "Bu, Rusiyaya qarşı təzyiqi azaltmaq zamanı deyil və Avropa da bunu etməyəcək".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığı zamanı Rusiyadan Amerika və qlobal bazarlara dizel yanacağı tədarükü məsələsində razılıq əldə olunduğu bildirilib. Bununla yanaşı, Trump Rusiya ilə Ukrayna arasında enerji infrastrukturu üzrə atəşkəsin qüvvəyə mindiyini açıqlasa da, ötən gecə Rusiyanın hücumları davam edib.
“AzPolitika.info”


Şərhlər