Menu

İki NATO ölkəsi üz-üzə: Türkiyə ilə Yunanıstan arasında müharibə başlayacaq?

12.10.2026, 16:00
İki NATO ölkəsi üz-üzə: Türkiyə ilə Yunanıstan arasında müharibə başlayacaq?

Son günlər Yunanıstan mətbuatında Türkiyəyə qarşı qabaqlayıcı hücum ssenarisinin olduğu barədə məlumat yayılıb. Onlar Türkiyə üçün təhlükə yaratdıqlarını açıq şəkildə bildirirlər. Türkiyənin Qərbi Anadoluya hərbi qüvvələrini köçürməsi barədə kəşfiyyat məlumatı aldıqlarını deyirlər. Lakin Türkiyə belə bir addım atmadığını bəyan edir. 

Bəs, Yunanıstan və Türkiyə arasında müharibə ehtimalı nə qədərdir? İki NATO ölkəsinin qarşıdurması nə ilə nəticələnə bilər?


Mövzunu "Azpolitika"ya şərh edən politoloq Aydın Tağıyev bildirib ki, hazırkı gərginlik fonunda Yunanıstan və Türkiyə arasında tammiqyaslı müharibə ehtimalı aşağıdır, lakin lokal insidentlərin böyüyərək böhrana çevrilməsi riski ehtimal oluna bilər:

"Yunanıstan mətbuatında yayılan planlar Türkiyənin hərbi hərəkətlərini “təhlükə” kimi qiymətləndirərək öncədən zərbə endirmə variantını nəzərdən keçirir. Bu, diplomatik riskləri artırır, çünki ilk hücumu edən tərəf beynəlxalq aləmdə təcavüzkar kimi qəbul oluna bilər. Hesab edirəm ki, hələ bu, informasiya müharibəsidir. Digər tərəfdən "Egey"də dəniz sərhədləri, xüsusi iqtisadi zonalar, adaların statusu və hava məkanının istifadəsi məsələsi də gərginlik yaradan səbəblər sırasındadır. Bu istiqamətdə də informasiya mühribəsi illərdir davam edir. Hazırda tərəflər arasında kiçik toqquşmalar, məsələn, gəmilərin və ya təyyarələrin qarşıdurması daha realdır. Bu cür hadisələr milli qəzəb doğuraraq böhran yaratma ehtimalı ilə nəticələnə bilər".

Ekspertin sözlərinə görə, Yunanıstanın “qabaqlayıcı hücum” ssenarisi daha çox psixoloji və diplomatik təzyiq aləti kimi görünür:

"Türkiyə ilə tammiqyaslı müharibə ehtimalı aşağıdır, çünki hər iki ölkə NATO üzvü olaraq ittifaqın daxili balansını pozmaq istəmir. Lakin lokal insidentlərin olma və böhrana çevrilmə riski mövcuddur. Bu isə NATO-nun “de-konfliksiya mexanizmləri”nin sınağa çəkilməsi deməkdir".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol