Menu

Güclənən Xəzər və Mərkəzi Asiya bağları - 35 illik müstəqillik təcrübəsi və yeni əməkdaşlıq formatı

08.10.2026, 14:23
Güclənən Xəzər və Mərkəzi Asiya bağları - 35 illik müstəqillik təcrübəsi və yeni əməkdaşlıq formatı

Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrinin dərinləşdirilməsi ölkənin xarici siyasət kursunun ardıcıl və strateji tərkib hissəsidir. Prezident İlham Əliyevin 2024-cü ilin fevralında Milli Məclisdə keçirilən inaqurasiya mərasimindəki çıxışında bu istiqamət xüsusi vurğulanmışdı. Dövlət başçısı Türk dünyasının əsas beynəlxalq ailə olduğunu qeyd edərək, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafını prioritet elan etmişdi:

“Bizim əsas ailəmiz Türk dünyasıdır, bizim ailəmiz Mərkəzi Asiya ölkələridir. Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır. Ona görə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı bizim üçün prioritetdir... Biz eyni köökdənik, ailə üzvləriyik və əlaqələrimizi bütün sahələrdə gücləndirməliyik".

İnaqurasiya nitqində səslənən bu hədəflər son illər ərzində konkret diplomatik, iqtisadi və institusional addımlarla uğurla dəstəklənib.

Müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi, iqtisadi və texnoloji transformasiya dövrünü yaşayır. Qlobal miqyasda ənənəvi təchizat zəncirlərinin pozulması, nəqliyyat-logistika dəhlizlərinin şaxələndirilməsi və yeni təhlükəsizlik çağırışları regional əməkdaşlığın rolunu əhəmiyyətli dərəcədə artırıb. Belə bir həssas və dinamik şəraitdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın Mərkəzi Asiya və Azərbaycan Məşvərətçi Şurasına sədr seçilməsi və növbəti Zirvə görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulması bu tərəfdaşlığın nəzəri müstəvidən praktiki və institusional müstəviyə keçdiyini göstərən ən mühüm amillərdəndir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqunun və regional əməkdaşlığının inkişafında Məşvərət Görüşləri müstəsna rol oynayır. Xatırlatmaq yerinə düşər ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində baş tutmuş və indiyədək 7 rəsmi, həmçinin qeyri-rəsmi iclasları keçirilmişdir.

2023 və 2024-cü illərdəki 5-ci və 6-ci Məşvərət Görüşlərində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdisə, 16 noyabr 2025-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 7-ci Məşvərət Görüşündə tarixi qərar qəbul edilmişdir – Azərbaycanın bu platformada tamhüquqlu iştirakı təmin olunmuşdur. Bu qərar faktiki olaraq illərdir C5 adlanan əməkdaşlıq formatını C6 formatına yüksəltmiş, regional dialoqa yeni məzmun və əhatə dairəsi qazandırmışdır. Prosesin məntiqi davamı olaraq, 31 iyul 2026-cı ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən qeyri-rəsmi Məşvərət Görüşündə imzalanmış Çolpon-Ata Bəyannaməsi tərəfdaşlığın hüquqi-siyasi təməllərini daha da möhkəmləndirmişdir.

İkitərəfli ticarət dövriyyəsində müşahidə olunan artım tendensiyası rəqəmlərdə də açıq şəkildə özünü büruzə verir. Belə ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi qısa müddət ərzində əhəmiyyətli dərəcədə artaraq 1 milyard ABŞ dolları həddini keçmişdir. Birgə investisiya fondlarının təsis edilməsi ümumi iqtisadi bazanı daha da gücləndirir.

Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Mərkəzi Asiya yüklərinin Qərb bazarlarına çatdırılmasında əsas həlqədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və dəmir yolu infrastrukturu sayəsində Orta Dəhliz ilə yükdaşımaların həcmi milyonlarla tona çatmış, yaxın illərdə bu rəqəmin 10 milyon tona çatdırılması hədəflənmişdir. Yüklərin Asiyadan Avropaya cəmi 25 gün ərzində çatdırılması bu marşrutu əvəzedilməz edir.

Xəzər dənizinin dibi ilə "yaşıl enerji" dəhlizlərinin yaradılması, Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Avropaya ötürülməsi layihələri yeni enerji arxitekturasını formalaşdırır. Həmçinin su ehtiyatlarının idarə olunması və rəqəmsal transformasiya əsas müzakirə mövzularındandır.

Elm, təhsil, mədəniyyət, turizm və gənclər siyasəti sahələrində ortaq tarixi köklərə əsaslanan birgə layihələr xalqlarımız arasındakı mənəvi bağları möhkəmləndirir.

Cari il Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün müstəqilliyin bərpasının 35 illiyinin tamamlanması baxımından müstəsna dərəcədə əlamətdardır. Ötən dövr ərzində hər bir ölkə öz iqtisadi və siyasi suverenliyini qorumaq istiqamətində mürəkkəb və şərəfli mərhələlərdən keçib.

1990-cı illərin əvvəllərində SSRİ-nin süqutundan sonra qərbli analitiklər gənc müstəqil respublikaların özünü idarə edə bilməyəcəyini proqnozlaşdırsalar da, zaman bunun əksini sübut etdi. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, daxili resurslara və milli maraqlara əsaslanan bu ölkələr qlobal siyasətdə obyekt deyil, müstəqil qərar qəbul edən "orta güc" mərkəzləri və subyektlər kimi çıxış etdiklərini bütün dünyaya nümayiş etdirdilər.

Beləliklə, Azərbaycanın Məşvərətçi Şuraya sədrliyi və bu istiqamətdə atılan addımlar mövcud inteqrasiya proseslərinin məntiqli davamıdır. Bu baxımdan, Türkmənistanın Türkmənbaşı şəhərində ("Avaza" Kompleksində) keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü regional tərəfdaşlığın tarixində yeni və keyfiyyətcə daha yüksək mərhələnin təməlini qoyur.

Həmin Zirvə görüşündə səsləndirilən strateji təşəbbüslər, nəqliyyat və enerji dəhlizlərinin dərinləşdirilməsi ilə bağlı əldə olunan razılaşmalar, eləcə də Azərbaycanın qarşıdakı dövr üçün bu nüfuzlu platformaya sədrliyi onu göstərir ki, Xəzərin hər iki sahilində yerləşən dövlətlərin birgə səyləri artıq lokal çərçivəni aşaraq Avrasiya miqyasında qlobal iqtisadi və təhlükəsizlik arxitekturasını formalaşdıran aparıcı qüvvəyə çevrilib. Otuz beş illik müstəqillik təcrübəsinə və güclü siyasi iradəyə əsaslanan bu strateji tərəfdaşlıq ortaq gələcəyin ən etibarlı təminatçısıdır.

E.Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol