Menu

AVROPANI KÜTLƏVİ İNSAN İTKİLƏRİ GÖZLƏYİR? - “Gizli cavab hazırlanır”

07.10.2026, 18:40
AVROPANI KÜTLƏVİ İNSAN İTKİLƏRİ GÖZLƏYİR? - “Gizli cavab hazırlanır”

Avropa İttifaqı(Aİ) ölkələri Rusiyanın böyük insan itkilərinə səbəb olacaq genişmiqyaslı hibrid hücumundan narahatdırlar və bu cür hərəkətlərə birgə gizli cavab hazırlayırlar. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri 5 avropalı diplomata istinadla məlumat yayıb.

Onlar bildiriblər ki, son həftələrdə 27 Aİ üzvünün səfirləri telefonlar və köməkçilər olmadan, qapalı, məhdud formatlı görüşlərdə belə bir ssenarini müzakirə ediblər. Danışıqlar avqust ayında Leypsiq hava limanında partlayıcı maddələrlə dolu dronların aşkarlanmasından sonra intensivləşib.

Aİ bir neçə ildir ki, kiberhücumlar, seçkilərə müdaxilə və sabotaj da daxil olmaqla hibrid təhdidlərə cavab vermək üçün mexanizmlər hazırlayır. Lakin nəşrin mənbələri qeyd edib ki, son müzakirələr kütləvi itkilərə səbəb ola biləcək daha ciddi əməliyyatların yaradacağı risklərə yönəlib.

Bir yüksək vəzifəli Aİ diplomatı bildirib ki, Leypsiq hadisəsindən sonra ölüm halları ilə nəticələnən "çox ciddi bir hadisənin" istisna edilə bilməyəcəyi aydın olub. Digəri isə qeyd edib ki, Rusiyanın hərəkətlərinin miqyası nəzərə alınmaqla, gec-tez itkilər qaçılmazdır və indiyə qədər itkilərin olmamasını "təmiz şans nəticəsi” adlandırıb. Bu baxımdan, Aİ təcili yardım qruplarının yaradılması, hücumdan təsirlənəcək ölkəyə büdcə vəsaitlərinin ayrılması və s məsələləri müzakirə edir.

NATO diplomatı qeyd edib ki, qəsdən törədilmiş hücum Aİ və ya NATO vətəndaşlarının ölümünə səbəb olarsa, hər iki təşkilata cavab vermək üçün təzyiq olduqca yüksək olacaq.

Həmçinin, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Avropa Təhlükəsizlik Şurası və "təcili yardım protokolu" yaratmaq təklifi müzakirə olunur. Mənbələr qeyd edir ki, bu təşəbbüslər noyabrın əvvəlində təqdimatı planlaşdırılan yeni Avropa Təhlükəsizlik Strategiyasına daxil edilə bilər.

NATO-nun keçmiş sözçüsü Oana Lungeskunun sözlərinə görə, kütləvi itki baş verərsə, məsuliyyət iki təşkilat arasında bölüşdürülməlidir: NATO kəşfiyyat paylaşımı və hərbi çəkindirmə ilə, Aİ isə mülki reaksiya ilə məşğul olmalıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol