Menu

Kiyev vuruldu, ABŞ xəbərdar etmədi - Ölənlər və yaralananlar var...

14.10.2026, 12:25
Kiyev vuruldu, ABŞ xəbərdar etmədi - Ölənlər və yaralananlar var...

Rusiyanın Kiyevə raket və PUA hücumları davam edir. 

“AzPolitika” xəbər verir ki, ötən gecə baş verən hücumlar nəticəsində Kiyevdə üç nəfər həlak olub, 22 nəfər yaralanıb. Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Məlumata görə, Ukrayna paytaxtında və Kiyev vilayətindəki elektrik stansiyalarına zərbə endirilib və bu, şəhərdə elektrik kəsintilərinə səbəb olub.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, ballistik raket zərbələri təhlükəsi hələ də qalmaqdadır.

Ən böyük ziyan bir raketin düşdüyü çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Yanğınsöndürənlər 16 sakini xilas edə biliblər. Bir uşaq da daxil olmaqla, ümumilikdə 21 nəfər yaralanıb.

Qolosevski rayonunda raket zərbəsi nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb.

Ukrayna mediasının məlumatına görə, 14 oktyabr səhəri Rusiya yenidən Kiyevə raketlərlə hücum edib və bu, bir sıra partlayışlara səbəb olub. Kiyevin beş rayonunda elektrik kəsintiləri baş verib.

Hücumlardan sonra Kiyevin sol sahili, Qoloseyev və Peçersk rayonlarının əksər hissəsi qismən işıqsız qalıb, həmçinin paytaxtda su təchizatında problemlərin yaranması ilə bağlı xəbərdarlıq edilib.

Desnyan rayonunda isə düşmən raketinin çoxmərtəbəli yaşayış binasına dəyməsi nəticəsində 400 kvadratmetr sahədə güclü yanğın baş verib. Xilasedicilər yanğını söndürərək binadan iki nəfərin meyitini çıxarıblar.

Məyusedici hal həm də odur ki, əvvəlkindən fərqli olaraq, Ukrayna gözlənilən zərbələr barədə əvvəlcədən xəbərdar edilməyib. Adətən ABŞ başda olmaqla, Ukraynanın tərəfdaş ölkələrinin kəşfiyyatı bu barədə Kiyevə məlumat verirdi. Belə görünür ki, Qərb mediasının yazdığı kimi, doğrudan da Ağ Ev Kiyevi Rusiya neft zavodlarına zərbələri dayandırmağa məcbur etmək üçün ona kəşfiyyat məlumatlarının ötürülməsini dayandırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ötən axşam ballistik raket zərbəsinin hədəfinin Kiyevin əsas enerji obyektlərindən biri olan 4 nömrəli İstilik Elektrik Stansiyası olduğunu bildirmişdi. O da etiraf edib ki, Ukraynanın Qərb tərəfdaşları Ukraynanı Rusiyanın Kiyevə növbəti ballistik raket zərbəsi endirəcəyi barədə xəbərdar etməyiblər.

Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat katibi Yuri İqnat qeyd edib ki, təkcə ABŞ deyil, digər NATO ölkələri də Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşır. "Bu məlumatların bizə çatmadığı vaxtlar olur. Bu, ilk dəfə deyil. Əgər bu dəfə müəyyən texniki problemlər olubsa, düşünürəm ki, mütəxəssislər bunu anlayacaqlar".

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol