Azərbaycanda xüsusilə Bakıda köhnə yaşayış binalarının sökülməsi və onların yerində yeni çoxmənzilli binaların inşa edilməsi prosesi davam edir. Bu proses şəhərin mənzil fondunun yenilənməsi ilə yanaşı, daşınmaz əmlak bazarında tələb və təklif balansına, mənzillərin satış və kirayə qiymətlərinə də təsir göstərə bilər. Söküntü aparılan ərazilərdə mənzillərin dəyərinin dəyişməsi, yeni tikililərin bazara təsiri və sakinlərə ödənilən kompensasiyaların məbləği isə müzakirə doğuran məsələlərdəndir.
Bəs köhnə yaşayış binalarının sökülməsi mənzil bazarında qiymətlərin artmasına, yoxsa ucuzlaşmasına səbəb olur? Yeni tikililərin sayının artması mənzil əlçatanlığını yaxşılaşdıra bilərmi?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, köhnə yaşayış binalarının sökülməsi daşınmaz əmlak bazarında həm tələbə, həm də təklifə təsir göstərərək yeni vəziyyət yaradır:
"Belə ki, köhnə binaların sökülməsi nəticəsində yüzlərlə sakin müvəqqəti olaraq kirayə mənzil bazarına üz tutur. Əgər sökülən binanın yerində yeni yaşayış kompleksi tikiləcəksə, sakinlər tikinti başa çatanadək kirayə mənzillərdə yaşamağa məcbur qalırlar. Bu isə həmin ərazidə kirayə mənzillərə tələbi artırır və qiymət artımını stimullaşdırır. Əgər söküntü aparılan ərazidə yeni bina tikilmirsə və sakinlərə kompensasiya ödənilirsə, vətəndaşlar əldə etdikləri vəsait hesabına başqa mənzil almaq üçün satış bazarına üz tuturlar. Nəticədə mənzillərə tələbat artır ki, bu da qiymətlərə təsirsiz ötüşmür. Söküntü gözləntisi köhnə mənzillərin qiymətinə də təsir göstərir. Belə ki, bəzi investorlar gələcəkdə daha yüksək kompensasiya əldə etmək məqsədilə sökülməsi ehtimal olunan köhnə mənzillərə vəsait yatırırlar. Bu amil həmin mənzillərə marağı artıraraq onların bazardakı aktuallığını qoruyur".
Ekspertin sözlərnə görə, digər tərəfdən, köhnə yaşayış sahəsinin yerində yeni yaşayış binası tikildikdə mənzillər əvvəlki qiymətlərlə müqayisədə təxminən 30-40, bəzi hallarda isə 50 faizədək baha təklif oluna bilər:
"Bunun əsas səbəbləri tikinti xərclərinin artması, müasir tikinti standartlarının tətbiqi, inşaat materiallarının və işçi qüvvəsinin qiymətidir. Məsələn, köhnə binada mənzilin bir kvadratmetrinin qiyməti 2 000 manatdırsa, həmin ərazidə inşa edilən yeni binada bu göstərici təxminən 2 600-3 000 manat arasında dəyişə bilər. Beləliklə, yeni mənzil fondunun formalaşması ilə yanaşı, bazarda qiymət fərqi də yaranır. Bununla belə, binaların sökülməsini avtomatik olaraq qiymət artımı ilə əlaqələndirmək düzgün olmaz. Burada söküntünün aparıldığı ərazi, işlərin miqyası, yeni tikililərin bazara daxil olması, eləcə də tələb və təklif arasındakı balans mühüm rol oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyinin artması da qiymətlərə təsir edən amillərdəndir. Söküntü aparılan ərazidə yeni yaşayış binalarının tikilməsi, abadlıq işlərinin görülməsi və parkların salınması həmin ərazinin cəlbediciliyini yüksəldir. Nəticədə daşınmaz əmlakın bazar dəyərində artım müşahidə oluna bilər".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər