Türkiyədə və bəzi Avropa ölkələrində gecə saatlarında məişət səs-küyünün qarşısının alınması, o cümlədən qonşuların rahatlığının qorunması ilə bağlı müəyyən qaydaların tətbiq olunduğu bildirilir. Ümumiyyətlə, bu cür qaydalar bir sıra Avropa ölkələrində də mövcuddur və gec saatlarda insanların səs-küy salınaraq narahatlığa məruz qoyulması yolverilməz hesab olunur. Bəs bizdə də axşam saat 22:00-dan sonra paltaryuyan və qabyuyan maşın kimi məişət cihazlarının işlədilməsi qonşuların narahatlığına səbəb olarsa, bu, hüquqi məsuliyyət yarada bilərmi? Azərbaycanda da yaşayış binalarında gecə saatlarında səs-küyün qarşısının alınması məqsədilə bu cür məişət cihazlarının istifadəsinə vaxt məhdudiyyəti qoyulması və qaydaları pozan şəxslərə cərimə tətbiq edilməsi mümkündürmü?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov bildirib ki, Azərbaycanda saat 22:00-dan sonra paltaryuyan və ya qabyuyan maşının, yaxud digər məişət cihazlarının işlədilməsini birbaşa qadağan edən ayrıca norma yoxdur:
"Hüquqi baxımdan əsas məsələ məişət cihazının özü deyil, onun yaratdığı səsin qonşunun normal istirahətinə və yaşayış sahəsindən rahat istifadəsinə real maneə yaradıb-yaratmamasıdır. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə saatlarında məişət səs-küyü qaydalarının pozulmasına görə, məsuliyyət müəyyən edir. Bununla yanaşı yaşayış sahələri üçün yol verilən səs hədləri sanitar normalarla müəyyən olunur. Ali Məhkəmənin qonşuluq münasibətlərinə dair yanaşmasında da əsas meyar təsirin əhəmiyyətli olub-olmamasıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mülkiyyət hüququ şəxsin öz mənzilindən sərbəst istifadə imkanını təmin etsə də bu, qonşuların hüquqlarını və normal yaşayış şəraitini pozacaq formada həyata keçirilə bilməz"
Vəkilin sözlərinə görə, bu sahədə qaydaların daha konkret və müasir mexanizmlərlə tənzimlənməsinə ehtiyac var:
"Qadağanı konkret olaraq paltaryuyan və ya qabyuyan maşının adına bağlamaq düzgün olmaz. Hüquqi meyar səsin səviyyəsi, onun davametmə müddəti, təkrarlanması və gecə istirahətinə real təsiri olmalıdır. Türkiyə və bir sıra Avropa ölkələrində də yanaşma məhz bu prinsip üzərində qurulub. Davamlı və ciddi səs-küy həm inzibati məsuliyyət, həm də qonşuluq hüquqlarının müdafiəsi baxımından qiymətləndirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində də əhəmiyyətli və davamlı səs-küy şəxsi həyata və mənzilə hörmət hüququ ilə əlaqələndirilir. Bu səbəbdən Azərbaycanda da çoxmənzilli yaşayış binalarında gecə səs-küyünün daha dəqiq texniki meyarlarla müəyyən olunması sübutetmə qaydasının sadələşdirilməsi və pozuntu hallarında effektiv inzibati məsuliyyət mexanizminin tətbiqi məqsədəuyğundur".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər