Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub.
"AzPolitika" Qaynarinfo-ya istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən “Padişah” hamamında ofisiant işləyib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, R.Y. Nizami rayonu, Qara Qarayev prospektində yerləşən qeyri-yaşayış sahəsinin arxa hissəsində tikinti aparmaq istəyən vətəndaşa kömək təklif edib. O, özünü “Elçin” kimi təqdim edərək Nizami Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olduğunu və tikintiyə icazə ala biləcəyini bildirib.
İş materiallarına görə, R.Y. bu vədlə zərərçəkmiş şəxslə 100 min manat qarşılığında razılaşıb. Məbləğin 50 min manatının əvvəlcədən, qalan hissəsinin isə tikinti işlərinə başlanıldıqdan sonra verilməsi nəzərdə tutulub.
2025-ci ildə Nizami Rayon İcra Hakimiyyətinin binasının yaxınlığında görüşən tərəflər razılaşdırılmış məbləğin ilkin hissəsi olan 50 min manatı təqsirləndirilən şəxsə veriblər. R.Y. daha sonra icra hakimiyyətinin binasına daxil olub, geri qayıdaraq rəhbər şəxsin yerində olmadığını bildirib. O, sonradan “Şuşa” restoranında görüş təşkil edərək pulun aidiyyəti şəxsə çatdırılacağını deyib.
Lakin vəd edilən icazə alınmayıb. Zərərçəkmiş şəxs tikintiyə başlamaq istədikdə əraziyə Nizami Rayon İcra Hakimiyyətinin və polis əməkdaşları gələrək işləri dayandırıblar. Bundan sonra onun aldadıldığı məlum olub. Dəymiş 50 min manatlıq ziyan isə ödənilməyib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı etiraf edib. O, zərərçəkmişdən 50 min manat aldığını, həmin vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini və hazırda pulu qaytarmaq imkanının olmadığını bildirib.
Qeyd edək ki, R.Y. əvvəllər də məhkum olunub. O, 2017-ci ildə hədə-qorxu ilə tələb etmə cinayətinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını 2023-cü ildə başa vursa da, məhkumluğu ödənilməyib. Məhkəmə bunu cinayətin residivi və cəzanı ağırlaşdıran hal kimi nəzərə alıb.
Nizami Rayon Məhkəməsinin hökmü ilə R.Y. 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Şərhlər