Menu

İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanladı - Yenilənib

05.11.2026, 10:30
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanladı - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

"AzPolitika" xəbər verir ki, müraciəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev oxuyub.

Müraciətdə deyilir:

- Hörmətli tədbir iştirakçıları,

Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" mövzusunda beynəlxalq tədbirdə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Dövlət xidmətlərinin əlçatanlığı, şəffaflıq və rəqəmsallaşma dayanıqlı inkişafın mühüm şərtlərindəndir. Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq 2012-ci ildə dövlət xidmətlərinin keyfiyyətli, innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsini təmin edən "ASAN xidmət" yaradılmışdır.

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir. Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi "ASAN xidmət"in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir.

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat"a layiq görülməsi nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

BMT ilə əməkdaşlıq bu təcrübəmizin daha geniş coğrafiyada təşviqi üçün yeni imkanlar yaradır. 2024-cü ildə Azərbaycan ilə BMT arasında imzalanmış Töhfə Sazişi "ASAN xidmət" nümunəsinin dörd qitədə təbliğini ehtiva edir.

Azərbaycan bundan sonra da dayanıqlı inkişaf məqsədlərinin təşviqini dəstəkləyəcək, keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcəkdir.

Əminəm ki, bugünkü tədbir mütərəqqi ideya və yeni yanaşmaların təşviqinə, habelə konkret təşəbbüslərin irəli sürülməsinə xidmət edəcəkdir.

Sammitin işinə uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr arzulayıram.

***

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

"AzPolitika" xəbər verir ki, müraciəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev oxuyub.

Qeyd edək ki, Bakıda noyabrən 5-6-da "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol