Menu

XİN 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat yayıb

07.11.2026, 18:05
XİN 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat yayıb.

 "AzPolitika" xəbər verir ki, Bəyanatda deyilir:

"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir.

Altı il öncə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Ermənistanın ölkəmizin ərazilərinin təxminən 30 il davam etmiş işğalına son qoyulmuş, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad edilməsi ilə Vətən müharibəsində Qələbə təmin edilmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının dövlət suverenliyi tam olaraq bərpa edilmişdir.

Vətən müharibəsində qazanılmış Zəfər sübut etdi ki, heç bir qüvvə milli birliyi, dövlətçilik əzmini və xalqımızın öz torpaqlarına sahib çıxmaq qətiyyətini sarsıda bilməz.

Son illər ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıistiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. “Böyük Qayıdış” proqramı çərçivəsində müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan həmçinin regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini irəlilədir. Azərbaycanın keçən dövr ərzində Ermənistana münasibətdə qarşılıqlı etimadın yaradılması istiqamətində atdığı məqsədyönlü və ardıcıl addımlar Cənubi Qafqaz regionunun münaqişə deyil, sülh və tərəqqi məkanına çevrilməsinə xidmət edir. Bütün bunlar, Azərbaycanın yaratdığı reallıqlara görə mümkün olmuşdur.

Zəfərimiz tariximizin qüruru, dövlətimizin qüdrəti, xalqımızın əbədi iftixarıdır.

Bu əlamətdar gündə Vətənimizin azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.

Zəfər Günümüz mübarək!".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol