Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə inandığını bildirib. O, qarşıdakı dövrdə iki ölkə arasındakı münasibətlərə yeni dinamika qazandırmaq üçün səylərin davam etdiriləcəyini vurğulayıb.
Türkiyə Prezidenti İran və ABŞ arasında gərginliyin sona çatmasının, mövcud problemlərin isə diplomatik yollarla həll edilməsinin vacibliyini qeyd edib. O, Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Ərdoğan, həmçinin Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün intensivləşən diplomatik səylərin müsbət nəticə verəcəyinə ümidvar olduğunu ifadə edib. Türkiyənin bu istiqamətdə aparılan proseslərə töhfə verməyə davam edəcəyini bildirən dövlət başçısı həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının əhəmiyyətinə diqqət çəkib.
Ərdoğan Donald Trampa Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə göstərdiyi dəstəyə görə də təşəkkür edib.


Şərhlər