Yanvarın 10-da xilasedicilər və dalğıclar “AirAsia” şirkətinə məxsus təyyarənin quyruq hissəsini dənizdən çıxarmağa müvəffəq olublar.
Dekabrın 28-də qəzaya uğramış təyyarənin “qara qutuları”nın məhz bu hissədə olduğu güman edilir. Hazırda dalğıclar və xilasedicilər “Krest Oniks” gəmisinin göyərtəsinə qaldırılmış təyyarənin bu hissəsinə baxış keçirirlər.
İndoneziyanın silahlı qüvvələrinin baş komandanı general Muldokonun sözlərinə görə, təyyarənin “qara qutuları” əvvəl olduğu kimi, hələ də onun quyruq hissəsindədir. Buna baxmayaraq, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyində təyyarənin “qara qutuları”nın həmin hissədən kənarda olduğunu bildirirlər.
Agentliyin nümayəndəsi S.Supriyadinin bildirdiyinə görə, təyyarənin “qara qutuları” onun quyruq hissəsinin aşkar olunduğu yerdən 1,6 kilometr cənub-qərb istiqamətində yerləşir. S.Supriyadi, həmçinin qeyd edib ki, dalğıclar həmin rayonu 500 metr radiusunda tədqiq edirlər. Burada suyun dərinliyi 30 metrə çatır. Agentliyin rəsmisi bildirib ki, siqnallar çox zəif olduğuna görə hətta uzaqdan keçən gəmilərin səsi belə işə böyük çətinlik yaradır.
Son məlumatlara görə, qəzaya uğramış təyyarədə olanlardan 48 nəfərin cəsədi artıq dənizdən çıxarılıb.
Xatırladaq ki, ötən il dekabrın 28-də İndoneziyadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra radarların ekranından itib. Kalimantan adası yaxınlığında qəzaya uğramış təyyarənin göyərtəsində 155 sərnişin və 7 heyət üzvü olub. /"AzərTAc


Şərhlər