Bu gün ABŞ-ın vasitəçiliyi ilə fevral ayından bəri ilk dəfə olaraq Rusiya və Ukrayna arasında ikigünlük sülh danışıqları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə başlayır.
Hər iki tərəf ilkin olaraq prosesdən böyük gözləntilərinin olmadığını bəyan etsə də, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynada sülhə zəmanət verməklə yanaşı, Avropanın ümumi təhlükəsizlik arxitekturasını da əhatə edən "böyük və gözəl" saziş layihəsi təqdim edəcəyini açıqlayıb.
Ukrayna nümayəndə heyətinə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edir. Heyətin tərkibinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, hərbçilər və digər rəsmi şəxslər daxildir.
Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Kremldən isə prosesə prezidentin köməkçisi Yuri Uşakov nəzarət edir.
Vaşinqtonu Prezident Trampın xüsusi elçiləri Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edirlər.
Danışıqlarda Avropa ölkələrinin, Aİ və NATO-nun nümayəndələrinin də iştirak etdiyi bildirilir. Lakin Rusiya avropalıların bu prosesdə iştirak etməsini istəmədiyini açıq şəkildə bildirib. Buna baxmayaraq, ABŞ rəsmiləri müharibənin başa çatdırılması üçün Avropanın iştirakının vacibliyini vurğulayırlar.
“Financial Times” qəzetinin məlumatına görə, müzakirələrin mərkəzində müharibədən sonrakı təhlükəsizlik və ərazi məsələləri dayanır. Vaşinqton hesab edir ki, bu iki problemin kompleks şəkildə həlli müharibənin bitməsi üçün əsas şərtidir.
ABŞ administrasiyası Rusiyaya Ukraynaya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsinə qarşı çıxıb-çıxmayacağını soruşub. Qərarın yekunu tamamilə Donald Trampdan asılıdır.
Putin hələlik Donetsk vilayətinin tamamilə verilməsi tələbindən əl çəkməyib. Mənbələr hesab edir ki, Rusiya lideri qış aylarını infrastruktur zərbələri ilə Ukraynanı zəiflətmək üçün ideal fürsət kimi qiymətləndirir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ukraynalı hərbçilərin qanı ilə qorunan ərazilərin güzəştə gedilməsini qəti şəkildə rədd edir. Kiyev rəsmiləri ərazi məsələsinin yalnız dövlət başçılarının səviyyəsində və təhlükəsizlik zəmanətləri kontekstində müzakirə oluna biləcəyini bildirirlər.
ABŞ rəsmiləri hesab edirlər ki, tərəflər ərazilərlə bağlı kompromisə gedə bilərlər. Planlaşdırılan sazişə əsasən, Ukrayna müharibəyə son qoya, təhlükəsizlik zəmanətləri ala və Aİ-yə üzvlük üçün "yol xəritəsi" əldə edə bilər. Lakin Ukrayna tərəfi bu cür birtərəfli güzəştləri hələlik qəti şəkildə rədd edir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər