"Hər iki tərəf artıq danışıqların növbəti mərhələsini Avropa tərəfdaşlarımızı da əhatə etmək üçün genişləndirmək barədə razılığa gəlib. Bu, bizə Ukrayna ilə Rusiya arasındakı ərazi məsələləri ilə yanaşı, müharibədən sonrakı daha geniş Avropa təhlükəsizlik arxitekturasını da müzakirə etməyə imkan verəcək".
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Cared Kuşner, Əbu-Dabi, Moskva və Dublində üç gün davam edən danışıqlardan sonra etdiyi paylaşımında bildirib. Bu o deməkdir ki, Ukrayna danışıqlarının növbəti mərhələsində Avropa nümayəndələri də iştirak edəcək. Hansı ki, daha əvvəl Moskva qətiyyyətlə bunun əleyhinə çıxış edirdi. Ukrayna həmişə Avropa ölkələrinin danışıqlarda iştirakını dəstəkləyib, lakin Rusiya qəti şəkildə buna qarşı çıxıb. Moskvadan hələlik Kuşnerin bu bəyanatı ilə bağlı hər hansı bir açıqlama verilməyib.
"Hərbi əməliyyatlara davamlı son qoymaq üçün etibarlı təhlükəsizlik zəmanətləri, münaqişələrin aradan qaldırılması mexanizmləri və gələcək münaqişə riskini azaltmaq üçün gərginliyin azaldılmasına dair qarşılıqlı öhdəliklər tələb olunacaq. Prezident Zelenski ilə onunla və komandası ilə sıx əlaqədə qalmaq barədə razılığa gəldik və Ukraynanın təhlükəsizlik narahatlıqları həll edilmədən heç bir daha geniş Avropa təhlükəsizlik tənzimləməsinin yekunlaşdırılmayacağını təkrarladıq", - deyə Kuşner bildirib.
“Prezident Tramp bu dəhşətli müharibəyə son qoymaqda qərarlıdır. Əhəmiyyətli fikir ayrılıqları qalmaqdadır, lakin əldə edilən irəliləyiş bizi ruhlandırır. Döyüşlərə son qoyacaq və davamlı sülhün, suveren, təhlükəsiz, çiçəklənən Ukraynanın və daha sabit Avropanın təməlini qoyacaq bir irəliləyiş tapmaq üçün lazım olan bütün çətin diplomatik işləri görəcəyik”, - deyə Trampın elçisi vurğulayıb.
Qeyd edək ki, əgər Kuşnerin Avropanın da danışıqalra qoşulacağı barədə açıqlaması Moskva tərəfindən təsdiqlənərsə, bu, danışıqlar prosesində bir yenilik və böyük əsir mübadiləsilə yanaşı, danışıqların ilk pozitiv nəticəsi sayıla bilər.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər