Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusunun verilməsi ilə bağlı tələblər yeni redaksiyada təsdiq edilib.
"AzPolitika" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, "Tədqiqat universiteti" statusu bu tələblər nəzərə alınmaqla, Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə beş il müddətinə verilir.
Bu status elmi tədqiqat fəaliyyəti, elmi kadr hazırlığı, akademik heyət və elmi infrastruktur üzrə müəyyən edilmiş tələblərə cavab verən, ən azı beş il fəaliyyət göstərən ali təhsil müəssisələrinə şamil olunur.
"Tədqiqat universiteti" statusunun verilməsi üçün elmi tədqiqat fəaliyyəti üzrə aşağıdakı tələblər müəyyən edilib:
- Müraciətin təqdim edildiyi tarixdən əvvəlki son üç təqvim ili üzrə "Scopus" və ya "Web of Science" beynəlxalq elmi bazalarında indekslənən elmi nəşrlərin orta illik sayı ən azı 250 olmalıdır;
- Beynəlxalq elmi bazalarda indekslənən elmi nəşrlərin sayının akademik heyətin sayına nisbəti ən azı bir müəllimə ildə 0,5 məqalə, həmin nəşrlərə verilmiş istinadların akademik heyətin sayına nisbəti isə bir müəllimə ildə ən azı 5 istinad təşkil etməlidir. Bu göstəricilər müraciət edilən təqvim ilinin əvvəlinə olan vəziyyətə əsasən hesablanır;
- Əcnəbi tədqiqatçılarla birgə dərc edilmiş elmi nəşrlərin sayının ali təhsil müəssisəsinin beynəlxalq elmi bazalardakı bütün nəşrlərinin sayına nisbəti müraciət edilən təqvim ilindən əvvəlki il üzrə ən azı 25 faiz olmalıdır;
- Magistrant və doktorantlarla birgə dərc edilmiş elmi nəşrlərin sayının ali təhsil müəssisəsinin beynəlxalq elmi bazalardakı bütün nəşrlərinin sayına nisbəti müraciət edilən təqvim ilindən əvvəlki il üzrə ən azı 15 faiz olmalıdır;
- Son beş təqvim ili ərzində ali təhsil müəssisəsinə aid olan və müvafiq qaydada qeydiyyata alınmış ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin və ya verilmiş patentlərin ümumi sayı ən azı 10 olmalıdır;
- Müraciətin təqdim edildiyi tarixdən əvvəlki son üç təqvim ili üzrə elmi tədqiqat xərclərinin ali təhsil müəssisəsinin ümumi illik büdcəsindəki payı ən azı 10 faiz təşkil etməlidir.
Elmi kadr hazırlığı istiqamətində aşağıdakı tələblər müəyyən edilib:
Müraciət edilən təqvim ilinin əvvəlinə olan vəziyyətə əsasən:
- Magistraturada (yalnız magistrlik dissertasiyası yazanlara münasibətdə), rezidenturada təhsil alanların və doktorantların ümumi tələbə kontingentində payı ən azı 10 faiz olmalıdır;
- Magistratura, rezidentura və doktorantura səviyyələrinin hər biri üzrə mövcud ixtisasların sayı ən azı 15 olmalıdır.
Akademik heyətlə bağlı tələblər:
Müraciət edilən təqvim ilinin əvvəlinə olan vəziyyətə əsasən:
- Elmi dərəcəsi olan professor-müəllim heyətinin təhsilverənlərin ümumi sayına nisbəti ən azı 70 faiz olmalıdır;
- Akademik heyətin tərkibində elmi adı olan şəxslərin sayının elmi dərəcəyə malik akademik heyətin sayına nisbəti ən azı 50 faiz təşkil etməlidir;
- Xaricdə ali təhsil almış və beynəlxalq elmi təcrübəyə malik professor-müəllim heyətinin payı ən azı 20 faiz olmalıdır.
Elmi infrastruktur üzrə tələblər:
Müraciət edilən təqvim ilinin əvvəlinə olan vəziyyətə əsasən:
- Tədqiqat avadanlıqları ilə təchiz edilmiş ən azı 5 elmi laboratoriya və ya tədqiqat mərkəzi olmalıdır;
- "Scopus" və "Web of Science" beynəlxalq elmi informasiya bazalarına, eləcə də elektron kitabxana resurslarına çıxış təmin edilməlidir;
- Texnologiya transferi ofisi və startap mərkəzi kimi innovasiya və startap fəaliyyətini dəstəkləyən struktur bölmələr fəaliyyət göstərməlidir.


Şərhlər