Menu

13 nömrəli avtobusla bağlı şikayətlər artdı - Şirkət nə deyir?

14.11.2026, 12:10
13 nömrəli avtobusla bağlı şikayətlər artdı - Şirkət nə deyir?

Paytaxtda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin üzləşdiyi problemlərdən biri də avtobus marşrutlarında hərəkət intervalının düzgün tənzimlənməməsi və sıxlığın qarşısının alınmamasıdır. Xüsusilə səhər və axşam saatlarında bəzi istiqamətlərdə avtobusların həddindən artıq dolu olması, dayanacaqlarda uzun müddət gözləyən sərnişinlərin nəqliyyat vasitəsinə minməkdə çətinlik çəkməsi ciddi narazılıq yaradır. Bəzi hallarda isə avtobuslarda boş yerlər olduğu halda sürücülərin sərnişinləri mindirməkdən imtina etməsi və onlarla kobud davranması vətəndaşların narazılığını daha da artırır.

Bu problemlərlə bağlı redaksiyamıza müraciət edən sərnişinlər 13 nömrəli avtobus marşrutunun fəaliyyətindən şikayətlənirlər. Onların sözlərinə görə, xüsusilə Həsən Əliyev küçəsi – 20 Yanvar istiqamətində hərəkət edən avtobuslarda pik saatlarda dözülməz sıxlıq yaranır. Sərnişinlər bəzən avtobusa minmək üçün uzun müddət gözləməli olur, nəqliyyat vasitəsinə mindikdən sonra isə sıxlıq səbəbindən rahat hərəkət edə bilmirlər. Maraqlıdır ki, günün nisbətən sakit saatlarında belə bəzi sürücülərin avtobusda yer olduğu halda sərnişinləri mindirməməsi ilə bağlı iddialar var.

Vətəndaşlar hesab edirlər ki, bu istiqamətdə sərnişin tələbatı nəzərə alınaraq əlavə avtobusların xəttə buraxılmasına və ya alternativ marşrutların təşkilinə ehtiyac var. 

Bəs 13 nömrəli avtobus marşrutunda yaranan problemlərin səbəbi nədir? Hərəkət intervalının artırılması, avtobus sayının çoxaldılması və sürücülərin davranışına nəzarətin gücləndirilməsi istiqamətində hansı addımlar atıla bilər?

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva "AzPolitika"nın sorğusuna cavabında bildirib ki, qurumun istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 21 avtobusla təmin edilir: "Bildiririk ki, 13 noyabr 2026-cı il tarixində avtobuslararası intervalın 12–14 dəqiqə çəkməsinin səbəbi marşrutun keçdiyi Moskva prospekti, Həsən Əliyev küçəsi və Heydər Əliyev prospektində yaranan nəqliyyat sıxlığı ilə bağlı olub. Bununla yanaşı, səhər pik saatlarında sərnişin sıxlığının azaldılması və daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xəttə əlavə 2 ehtiyat avtobus cəlb edilib. Sürücünün dayanacaqda gözləyən sərnişinləri avtobusa mindirməməsi ilə bağlı bildiririk ki, məsələ araşdırılıb və avtobusun daxili müşahidə kameralarının görüntülərinə baxış keçirilib. Araşdırma zamanı məlum olub ki, avtobusun salonunda sərnişin sıxlığı olduğundan sürücü dayanacaqda gözləyən sərnişinlərə arxadan gələn, 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən digər avtobusa minməyi təklif edib".

Əsmər Əliyevanın sözlərinə görə, “BakuBus” MMC tərəfindən marşrut xəttinin fəaliyyəti mütəmadi olaraq monitorinq edilir, sərnişin axını və mövcud tələbat nəzərə alınmaqla daşımaların daha səmərəli təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol