Menu

"Əməliyyat bir aya yaxın davam edib..." - Hərbi analitik təfərrüatları açıqladı

17.11.2026, 21:44
"Əməliyyat bir aya yaxın davam edib..." - Hərbi analitik təfərrüatları açıqladı

Tanınmış hərbi analitik Aqil Rüstəmzadə Ukrayna rəsmilərinin açıqlamalarına və döyüş əməliyyatlarının gedişatına istinadən strateji əhəmiyyətə malik Krım (Kerç) körpüsünə qarşı həyata keçirilən son hərbi əməliyyatın arxasında duran taktikanı təhlil edib.

Analitik bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Prezident Volodimir Zelenskinin yaydığı rəsmi məlumatlar bu hücumun sadəcə birdəfəlik zərbə deyil, dəqiq hesablanmış mərhələli hərbi plan olduğunu göstərir: "Bütün əməliyyat təxminən bir ay çəkib və körpünün çoxmərtəbəli müdafiəsini qıraraq sıradan çıxarmaq məqsədilə ardıcıl yeddi mərhələyə bölünüb".

Aqil Rüstəmzadə qeyd edib ki, əməliyyatın ilk altı mərhələsinin təfərrüatları ukraynalı rəsmilər tərəfindən günlər və dəqiq obyektlər üzrə tam açıqlanmasa dа, ümumi məntiqi aydın görünür. 

Onun sözlərinə görə, 1-ci və 5-ci mərhələlər arasında əsas hədəf Rusiya ordusunun hava hücumundan müdafiə (HHM) və radioelektron mübarizə (REM) sistemlərinin sıradan çıxarılması olub:"Bir neçə həftə ərzində Ukrayna qüvvələri Krım ərazisində və Kerç körpüsünə aparan yollarda yerləşən Rusiya HHM sistemlərini, radiolokasiya stansiyalarını (RLS) və REM komplekslərini hədəfə alıblar. Məqsəd düşmənin zərbə vasitələrini vaxtında aşkarlamasına və radioelektron mübarizə aparmasına imkan verməmək, eyni zamanda raketlərin uçuşu üçün təhlükəsiz "dəhliz'"yaratmaq idi. Bu mərhələdə həmçinin NATO-nun radiotexniki və radioelektron kəşfiyyat təyyarələri ilə dronlarının məlumatlarından da aktiv şəkildə istifadə olunub".

Hərbi ekspert əməliyyatın kulminasiyadan əvvəlki həlledici addımlarına diqqət çəkərək bildirib ki, əsas hücumdan bir gün əvvəl – noyabrın 16-da körpüyə dronlarla ilkin zərbə endirilib: "Bu döyüş kəşfiyyatı və ilkin zərbə nəticəsində avtomobil hissəsinin metal arxalarından biri zədələnərək əyilib. Həmin mərhələ həm qalıq HHM sistemlərinin reaksiyasını yoxlamağa, həm də həlledici zərbə öncəsi körpünün konstruksiyasını zəiflədib sıradan çıxarmağa xidmət edirdi".

Analitik əməliyyatın yekun mərhələsini şərh edərək vurğulayıb ki, noyabrın 17-yə keçən gecə baş tutan final mərhələsi əməliyyatın zirvəsi olub: "Bu mərhələdə SBU ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin digər bölmələri də əməliyyata qoşulub. Gecə saatlarında körpü rayonunda ən azı 15 güclü partlayışın baş verdiyi qeydə alınıb və bu, kütləvi kombinə edilmiş raket-dron zərbəsinin nəticəsi idi".

Sonda Aqil Rüstəmzadə qeyd edib ki, bu cür inteqrasiya olunmuş hərbi addımlar – kəşfiyyat dəstəyi, elektron mübarizə elementləri, ardıcıl zəiflədici zərbələr və kütləvi final hücumunun sintezi müasir müharibə sənətində mühüm strateji obyektlərin məhv edilməsinin ən bariz nümunəsidir.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol