İstanbul Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində "Sözcü TV" və "sozcu.com.tr"-yə qarşı polis əməliyyatı keçirilib. Aparılan araşdırmalar nəticəsində adıçəkilən media qurumlarına idarəçi qismində qəyyum təyin olunub.
Prokurorluğun rəsmi açıqlamasına görə, Maliyyə Cinayətləri ilə Mübarizə Şurasının (MASAK) hesabatları əsasında başladılan istintaq çərçivəsində İstanbul 4-cü Sulh Cəza Məhkəməsinin qərarı ilə Mega Ajans ve Reklamcılık Ticaret A.Ş. və Estetik Yayıncılık A.Ş.-yə ("Sözcü TV" və "sozcu.com.tr"-nin daxil olduğu şirkətlər strukturuna) TMSF (Əmanətlərin Sığortalanması Fondu) qəyyun səlahiyyətləri verilib.
Prokurorluq bəyanatında bildirilir ki, istintaq olunan şübhəli Burak Akbayın xarici ölkə bank hesabları vasitəsilə sözügedən media şirkətlərini maliyyələşdirdiyinə və fəaliyyətlərin bu xətt üzərindən davam etdirildiyinə dair güclü şübhələr mövcuddur.
Əməliyyat çərçivəsində həmçinin "Sözcü TV"-nin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktor Asım Akgül də daxil olmaqla bir sıra rəhbər şəxs barəsində saxlanılma qərarı verilib. Hər ikisi saxlanılıb.
Məhkəmənin qərarının yalnız elektron media və televiziya seqmentini əhatə etdiyi bildirilir. Çap olunan "Sözcü", "Korkusuz" və "Tavı"r qəzetlərinin bu prosesdən kənarda qaldığı və fəaliyyətlərini normal qaydada davam etdirdiyi qeyd olunur.
"AzPolitika.info"
***
Bu gün səhər saatlarında Türkiyənin "Sözcü TV" telekanalının mərkəzi ofisində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
"AzPolitika" xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı kanalın İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı saxlanılıb. Məhkəmənin müvafiq qərarına əsasən, polis əməkdaşları telekanalın binasında axtarış aparıb.
Hadisə yerində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.


Şərhlər