Kreml “zədə kiçikdir” deyir, amma...
Bu gün ilhaq edilmiş Krım yarımadasını Rusiya ilə birləşdirən Krım körpüsü Ukrayna dronlarının hücumuna məruz qalıb. Bu, bir sutka ərzində strateji əhəmiyyətli körpüyə endirilən ikinci zərbə olub.
“AzPolitika” xəbər verir ki, Krımın Rusiyanın təyin etdiyi rəhbəri Sergey Aksyonovun körpüyə endirilən zərbələrlə bağlı açıqlaması yayılıb.
"Hazırda nəqliyyatın hərəkəti dayandırılıb. Krım sakinlərindən və qonaqlarından körpü istiqamətində hərəkət etməkdən çəkinmələrini və marşrutlar planlaşdırarkən məhdudiyyətləri nəzərə almalarını xahiş edirik", - Aksyonov “Telegram”-da yazıb.
Ukraynanın monitorinq kanalı "Krımskiy Veter"in məlumatına görə, körpüyə dörd qanadlı raket atılıb. Videolardan birində raketlərin biri körpünün mərkəzi hissəsində quraşdırılmış 227 metrlik arkaya dəyib. Daha sonra arka suya düşüb.
Bu gün səhər isə Ukrayna Silahlı Qüvvələri təxminən 100 drondan istifadə edərək körpüyə hücum edib. “Mash”-ın məlumatına görə, dronlardan birinin döyüş başlığı körpünün yarımada tərəfindəki sağ arkasına düşüb və onun strukturun təxminən 15 dərəcə əyilməsinə səbəb olub. Rusiya dövlət mediası tərəfindən yayılan video görüntülərdə də arkanın gözəçarpan şəkildə əyilməsi görünür. Ukrayna televiziya kanalları ən azı iki yerdə körpünün yol səthinə dəyən ziyanı əks etdirən peyk görüntülərini yayımlayıb.
Buna baxmayaraq, Kreml körpüyə dəyən ziyanı "kiçik" adlandırıb. Lakin körpüdə hərəkət faktiki olaraq dayandırılıb. Hazırda Krım və Krasnodar diyarı arasındakı nəqliyyatın əsas hissəsini Kerç bərə keçidi təmin edir.
Rusiyanın Ukraynaya hücumunun başlanğıcından bəri Ukrayna bu körpünü üç dəfə dağıtmağa cəhd edib. 2022-ci ilin oktyabr ayında körpüdə partlayıcı maddələrlə dolu yük maşını partladılıb. 2023-cü ilin iyul ayında "Sea Baby" dəniz PUA-ları körpünün yol hissəsinin bir aşırımını dağıdıb. 2025-ci ilin iyun ayında Ukrayna Silahlı Qüvvələri dayaqlarının altına yerləşdirilmiş partlayıcı maddələrdən istifadə edərək körpünü zədələyib.
Son zərbələrdən sonra tikintiyə nəzarət edən Rusiya Baş nazirinin müavini Marat Xusnullin bildirib ki, hakimiyyət orqanları körpünün bərpası üçün resursları və inşaatçıları artıq toplayıblar.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər