Banklarda milli valyutada 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətlərin faiz gəlirləri üzrə vergi güzəştinin daha üç il uzadılması təklif olunur.
"AzPolitika" xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat bildirib ki, parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən Vergi Məcəlləsinə dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması nəzərdə tutulsa da, 102.1.22-4-cü maddə üzrə güzəştin müddətinin artırılması yer almayıb.
Onun sözlərinə görə, mövcud qanunvericilik fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsini gəlir vergisindən azad edir. Milli valyutada depozit 18 ay və daha uzun müddətə yerləşdirildikdə və məbləğ 18 aydan tez qaytarılmadıqda isə hesablanan faiz gəlirlərinin hamısına vergi güzəşti tətbiq olunur.
V.Bayramov qeyd edib ki, uzunmüddətli əmanətlər üzrə güzəştin müddəti uzadılmasa, gələn ildən aylıq faiz gəlirinin 200 manatdan çox olan hissəsi vergiyə cəlb ediləcək.
“Məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatına gəlir vergisi tətbiq olunacaq”, – deputat bildirib.
O vurğulayıb ki, depozit portfeli bankların cəmi öhdəliklərinin 76,4 faizini və ya 41,8 milyard manatını təşkil edir. Portfelin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin vəsaitlərindən ibarətdir. Fiziki şəxslərin əmanət portfelinin 64,7 faizi müddətli əmanətlərin payına düşür.
Deputatın təqdim etdiyi məlumatlara əsasən, güzəştlər tətbiq olunandan bəri unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.
V.Bayramov bildirib ki, biznes kreditlərinin payının artırılması üçün bankların uzunmüddətli depozitlərə ehtiyacı var. Onun fikrincə, vergi güzəştləri qısamüddətli fiskal gəlirdən daha çox uzunmüddətli iqtisadi nəticələrə hesablanmalıdır.
“Banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin də daha üç il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğun olardı. Bu təklifi komitə iclasında da təqdim etmişik”, – o qeyd edib.
Deputat əlavə edib ki, güzəştin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasətlə dəstəklənməsi və depozit portfelində uzunmüddətli öhdəliklərin payının artırılması baxımından vacibdir.


Şərhlər