Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub.
Bu barədə "AzPolitika"ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Ceyhun Bayramov Ed Milibəndi dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti müzakirə olunub.
Bu çərçivədə, liderlər səviyyəsində sonuncu Avropa Siyasi Birliyi (EPC) Zirvə toplantısı zamanı keçirilmiş görüşün, eləcə də "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin qəbul edilməsinin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyəti vurğulanıb. Sənədin əhatə etdiyi istiqamətlər üzrə əməkdaşlığın konkret məzmunla zənginləşdirilməsi və praktiki nəticələrin əldə olunması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin, regional təhlükəsizlik məsələlərini müzakirə edib, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səyləri barədə qarşı tərəfə məlumat verib.
Telefon danışığı zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.


Şərhlər