Menu

İmran Xanın səhhəti pisləşib

16.11.2026, 17:31
İmran Xanın səhhəti pisləşib

Pakistanın keçmiş baş naziri, Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının qurucusu İmran Xan özü və həyat yoldaşı Buşra Bibinin səhhətinin pisləşdiyini bildirərək tibbi yardım göstərilməsi üçün ölkənin ali məhkəmələrinin rəhbərlərinə açıq məktub ünvanlayıb.

“Dawn” qəzetinin məlumatına görə, İmran Xan məktubu Federal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və İslamabad Ali Məhkəməsinin baş hakimlərinə göndərib.

Onun vəkili noyabrın 2-də və 11-də həbsxanada İmran Xanla görüşüb.

Keçmiş baş nazir noyabrın 11-də keçirilən görüş zamanı məktubdakı fikirlərinin hakimlərə çatdırılmasını istəyib.

İmran Xan məktubunda hazırda təkadamlıq kamerada saxlanıldığını və səsinin həbsxana divarlarından kənara çatdırılması üçün bunun yeganə vasitəyə çevrildiyini bildirib.

O, həyatı boyu xəstəxanalar tikərək maddi imkanı olmayan insanların pulsuz müalicə almasına çalışdığını vurğulayıb: “Bütün həyatımı müalicə xərclərini qarşılaya bilməyən insanların pulsuz tibbi yardım ala bilməsi üçün xəstəxanalar tikməyə sərf etmişəm. Bu gün isə yalnız özümün və həyat yoldaşımın müalicə olunmasını xahiş edirəm”.

O, məhkəmələrdən həm özünün, həm də həyat yoldaşı Buşra Bibinin səhhətinin nəzərə alınmasını və onların lazımi tibbi müalicə ilə təmin olunmasına müdaxilə etmələrini istəyib.

Sabiq Baş nazir zəruri xidmət göstərilmədiyi halda, ölə biləcəyi ilə bağlı da xəbərdarlıq edib.

Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsinin nəticəsi olaraq, vəzifədən kənarlaşdırılıb. O, 2023-cü ilin avqustunda korrupsiya ittihamı ilə həbs edilib. İmran xan və tərəfdarları həbs qərarını siyasi motivli hesab edir. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol