Menu

"Bu hərəkəti oğlumun ruhuna hörmətsizlik sayıram" - Şəhid atası məhkəmədə nələr dedi?

16.11.2026, 18:16
"Bu hərəkəti oğlumun ruhuna hörmətsizlik sayıram" - Şəhid atası məhkəmədə nələr dedi?

Bakıda 25 hektar kənd təsərrüfatı təyinatlı torpağı zəbt edərək ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilən 11 nəfərin cinayət işinin məhkəməsinin növbəti prosesi keçirilib.

"AzPolitika" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Ceyhun Əşrəfov ifadə verib.

O,  2011-2012-ci illərdə Ramana qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olduğunu deyib: "Əraziləri çıxarışla alırdıq, etibarnamə ilə satıb, daha sonra yenə çıxarışla təmin edirdik. 2014-2015-ci illərdə verilən sərəncamlara uyğun satış həyata keçirmişik. Sonradan məlum oldu ki, guya kənd təsərrüfatı təyinatlı torpaqları satmışıq. Amma o vaxt heç kim gəlib bizə demədi ki, bura kənd təsərrüfatı təyinatlı torpaqdır. 2021-ci ildə aparılan söküntü işlərindən sonra vətəndaşlara müəyyən ödənişlər etmişik. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məsələyə qarışana qədər 800 min manatdan çox pul ödəmişik. Qurumdan tapşırıldı ki, sökülən yerlərdə camaatın pulunu ödəyək. Lakin vəsait çatışmadığına görə hamısını ödəyə bilmədik. 2017-ci ildə bizə kənd təsərrüfatı ərazisini göstərən sxem və sənəd təqdim olunmuşdu. Bu sənədi 17-18 nəfər təsdiq etmişdi. Bizim satdığımız torpaqlar həmin xəritədə göstərilən ərazidə yox idi".

Zərərçəkən A.Q. məhkəmədəki ifadəsində Nazim və Sadi̇q adlı şəxslərə torpaq üçün 2500 manat verdiyini deyib: "Mən şəhid atasıyam. Oğlumun adına torpaq sahəsi almışdım, sonradan gəlib hasarı sökdülər. Amma ev qalıb, hazırda orada yaşayırıq. Bu hərəkəti şəhidimin ruhuna hörmətsizlik sayıram". 

Məhkəmə prosesində zərərçəkən qismində dindirilənlər isə təqsirləndirilən şəxslərin onlara yalnız torpaq sahəsi göstərdiklərini, lakin heç bir rəsmi sənəd təqdim etmədiklərini, şikayətçi olduqlarını bildiriblər.

Növbəti proses noyabrın 23-nə təyin olunub.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq aparılıb.

Cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.

İbtidai istintaqla 11 nəfərin - Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu, Novruzov Səfa Abbasqulu oğlunun dələduzluq və torpaq üzərində mülkiyyət, istifadə, eləcə də icarə hüquqlarını pozma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Qalib Əliyev, Anar Hüseynov və Ceyhun Əşrəfov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Daha sonra onlar Araz İsmayılov, Amin Quliyev, Arif Məmmədov və Vidadi Rəsulovla birlikdə həmin torpaq sahələrinin özlərinə məxsus olması barədə doğru olmayan məlumatlar verməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb və müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, İlqar Qəhrəmanov, Orxan Vahidov və Ceyhun Dəmirov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 4 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan onlar Səfa Novruzov, Amin Quliyev və Vidadi Rəsulovla birgə yalandan həmin torpaq sahələrinin özlərinə məxsus olduğunu bildirməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb, onlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Toplanmış sübutlar əsasında adları qeyd olunan şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 188.3 (kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı görülmüş tədbirlər nəticəsində 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə qaytarılıb. Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi də təmin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol