Menu

Londonda "Brexit" qalmaqalı: Baş nazir "açıq xəyanət"də ittiham olundu

21.11.2026, 16:00
Londonda "Brexit" qalmaqalı: Baş nazir "açıq xəyanət"də ittiham olundu

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) üzv olmasının tərəfdarıdır və Britaniya cəmiyyətinin də bu mövqeyi bölüşdüyünə inanır.

"AzPolitika" xəbər verir ki, bu barədə Baş nazirin ətrafındakı yüksəkvəzifəli mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu yanaşma sadəcə siyasi manevr deyil, hökumət başçısının şəxsi əqidəsidir. Bir müddət əvvəl E.Börnhem özü də sağlığında Böyük Britaniyanın Aİ-yə qayıdışını görmək istədiyini bəyan etmişdi. Bu məlumatlar noyabrın 20-də Brüsseldə baş tutan Böyük Britaniya – Aİ sammitindən dərhal sonra gündəmə gəlib.

Sammit çərçivəsində tərəflər kənd təsərrüfatı məhsullarının ixracının sadələşdirilməsi, 6,5 milyard funt-sterlinq dəyərindəki Britaniya mallarının Aİ-nin karbon vergisindən azad edilməsi və hər il 100 minədək vizanın ayrılmasını nəzərdə tutan gənclərin mobilliyi proqramının işə salınması barədə razılıq əldə ediblər.

Bununla belə, Brüssel həmin razılaşmaların icrasını avropalı tələbələrin Britaniya universitetlərindəki təhsil haqqı məsələsi ilə şərtləndirib. Rəsmi London isə büdcənin hər il 450 milyon funt-sterlinq itirməsi riskindən ehtiyat edərək, yerli və avropalı tələbələr üçün təhsil haqlarının eyniləşdirilməsinə etiraz edir.

Böyük Britaniyanın "Brexit" üzrə sabiq baş nümayəndəsi Devid Frost isə E.Börnhemin bu addımlarını "açıq xəyanət" kimi qiymətləndirərək, onu Brüsselə güzəştə getməkdə ittiham edib.

Xatırladaq ki, 2016-cı il iyunun 23-də keçirilən referendumda seçicilərin 51,9 faizi Böyük Britaniyanın Aİ-dən ayrılmasına səs verib. Ölkə 2020-ci il fevralın 1-də qurumu rəsmən tərk edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol