[caption id="attachment_85026" align="alignleft" width="300"]
Həsən Əliyev[/caption]

Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, eləcə də Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə yeni şahid ifadələri dinlənildi.

Məhkəmədə şahid qismində “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun ümumi məsələlər üzrə müavini Ziyad Cəlilov ifadə verdi. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib və hakimin, prokurorun, vəkillərin suallarını cavablandırıb.

Daha sonra məhkəmə şahid qismində Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin təhqiqatçısı Şövqi İsmayılovu dindirilib. Şövqi İsmayılov istintaqa verdiyi ifadəyə uyğun ifadə verdikdən sonra tərəflərin suallarını cavablandırıb.

Bundan sonra prosesdə fasilə elan olunub. Məhkəmə iclası saat 14:30-da davam edəcək.

[caption id="attachment_85028" align="alignleft" width="300"]

Ramazan Səlimov[/caption]

Xatırladaq ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.