Bakıda daha iki rayonun polis rəisləri dəyişdirilib. AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Ramil Usubovun əmri ilə Nərimanov və Sabunçu rayonlarının Polis İdarələrinə yeni rəis təyin edilib.

Nərimanov rayonuna Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov, Sabunçuya isə Şəki rayon Polis Şöbəsinin rəisi Eldar İlyasov təyin edilib.

Qeyd edək ki, belə bir təyinatın baş verməsi kifayət qədər maraq doğurur. Çünki dünən yayılan rəsmi məlumatlarda İsmayıl Əsədovun Sabunçu rayonuna rəis göndərildiyi bildirilirdi.

Şəki rayon Polis Şöbəsinin rəisi Eldar İlyasovun isə Nərimanov rayonuna göndərilməsi barədə məlumatlar yayılmışdı.

Onu da bildirək ki, adları çəkilən rayonların, eləcə də Səbail və Xətainin polis rəislərinin dəyişdirilməsi xəbərini hələ dekabr ayının ortalarında yaymışdıq (http://www.aznews.az/index.php?c=news&id=71843). Ondan sonra isə müxtəlif mətbuat orqanları bu barədə yazılar tirajlamışdı. Lakin bu təyinatların rəsmiləşdirilməsinin gecikməsi, hətta nazirliyin özündə də dəqiq heç nəyin bilinməməsi, çaşqınlığın açıq-aşkar hiss olunması müəyyən suallar doğurur. Bununla bağlı AzNews.az-a daxil olan məlumatda bildirilir ki, rəislərin yerlərinin dəyişdirilməsi ilə bağlı Bakı Şəhər baş Polis İdarəsinin yeni rəisi Mirqafar Seyidovun təqdimatı nazirlikdə bir sıra yüksək çinli əməkdaşların narazılığı ilə qarşılanıb. Ona görə də, təyinatların dəqiqləşməsi bir qədər uzanıb.