Yanvarın 18-nə keçən gecədən etibarən Ukraynanın şərqində, aylardır sürən amansız döyüşlərdən sonra xarabalığa çevrilmiş Donetsk aeroportu uğrunda şiddətli vuruşma başlayıb. Virtualaz.org saytı Ukrayna və Rusiya qaynaqlarına istinadən xəbər verir ki, aeroportun köhnə terminalından sonuncu Ukrayna əsgərlərinin sıxışdırılıb çıxarılmasından sonra Kiyev irimiqyaslı əks-hücum əmri verib.
Gecə saatlarından başlayaraq Ukrayna ordusunun qüvvələri Donetsk aeroportunu və Donetsk şəhərinin özünü, habelə separatçıların digər ətraf yaşayış məntəqələrindəki mövqelərini şiddətli artilleriya zərbələrinə məruz qoyub.
Rusiyameylli yaraqlılar isə Ukrayana qüvvələrinə ağır artilleriya, “Qrad” və “Uraqan” reaktiv sistemləri ilə cavab verir. Şəhərdə artilleriya zərbələrinin ardı-arası kəsilmir.
Döyüşlərdə hansı tərəfin üstün gəldiyi haqda isə ziddiyyətli informasiyalar var.
Kiyev bildirir ki, separatçıların Donetsk aeroportunu tam ələ keçirmək üçün həyata keçirdikləri hücumların qarşısını alınıb və aeroport Ukrayna ordusunun nəzarətindədir. Üstəlik hərbçilər Donetsk aeroportunun dağılmış terminallarının birində futbol oynadıqlarını əks etdirən videokadrları da internetə yerləşdiriblər.
Separatçı “Donetsk Xalq Respublikası” isə bildirir ki, aeroport onların nəzarətindədir və Ukrayna ordusunun hücumunun qarşısı alınıb. Bununla belə separatçılar təsdiq edir ki, Ukrayna qoşunları aeroportun ərazisinə böyük sayda hərbi texnika cəmləşdirib və əks-hücuma keçib.
Döyüş zonasından məlumat verən səhra komandirləri isə bildiriblər ki, Ukrayna ordusunun piyadaları tankların dəstəyi ilə aeroportu geri almağa çalışır. Eyni zamanda aeroport və ətrafı “Qrad” qurğularından, qaubitsalardan atəşə tutulur.
Ukrayna ordusunun 5-ci əlahiddə batalyonunun komandiri isə bildirib ki, onların qüvvələri Donetskə daxil olub və 2 kilometrə qədər irəliləyib.
“Ağır tank döyüşləri gedir, irəliləyirik. Aeroportun yeni terminalında separatçılar qalmayıb” - deyə komandir bildirib.
Ukrayna prezidentinin müşaviri Yuri Biryukov məlumat verib ki, hər iki tərəf artilleriyadan istifadə edir və separatçılar bəzi mövqeləri tərk ediblər. Separatçıların komandirləri isə öz növbəsində bildirir ki, Ukrayna ordusunun dörd hücumunun qarşısı alınıb, onların azı 10 tankı vurulub.
Ukrayna kəşfiyyatı isə Rusiyanın sərhədə böyük miqdarda ağır texnika, o cümlədən “Buratino” ağır odsaçan sistemləri, S-300B zenit-raket kompleksləri, “Smerç” reaktiv artilleriya sistemləri cəmləşdirib.
“Alman dalğası” radiosunun Donetsk sakinlərinə istinadən yaydığı məlumata görə, şəhərdə olduqca ağır vəziyyət hökm sürür, ardı-arası kəsilmədən artilleriya mərmiləri, “Qrad” raketləri partlayır. Evlərin pəncərləri sınır, divarları titrəyir. Şəhərdə işıq, qaz və su yoxdur. Telefon rabitəsi fasilələrlə işləyir. Əhali artilleriya zərbələrindən qorunmaq üçün bomba sığınacaqlarına sığınır.


Şərhlər