Daxili İşlər Naziriliyinin qarşısında polis əməkdaşları etirazçılarla danışıqlar aparıblar. Görünən odur ki, danışıqlar yaxşı nəticə verməyib. Çünki etirazçılar Milli Məclisin binası önünə doğru hərəkət ediblər. Aksiyanın səbəbi "Qala" şirkətinin uzun müddətdir ki, işçilərə maaş verməməsidir.
Şikayətçi işçilər deyirlər ki, artıq bir neçə aydır ki, maaşlarını ala bilmirlər: "Azı 3-4 aydır ki, maaş ala bilmirik. Heç bir şikayətimizə cavab vermirlər. Maaşlarımızın veriləcəyi vaxtı da demirlər. Biz də məcbur qalıb, səsimizi bu formada eşitdirməyə çalışırıq".
Musavat.com-un verdiyi məlunmata görə, etirazçılar Milli Məclisin önünə toplaşaraq, aksiya keçirirlər
Daxili İşlər Nazirliyi “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin vətəndaşları aldatması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında bildirdi ki, “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin DİN-ə heç bir aidiyyəti yoxdur.
O.Mansurzadə onu da qeyd etdi ki, faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, mətbuatda “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin DİN-in lisenziyası əsasında fəaliyyət göstərməsi haqda məlumatlar yer almışdı.
Qeyd edək ki, “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti (BTX) tərəfindən aldadılan vətəndaşlar bu gün günorta Prezident Administrasiyasının (PA) qarşısına toplaşıb. Bu barədə virtualaz.org saytına zərərçəkənlərin özləri xəbər verib. Onların sözlərinə görə, PA-da qəbul ediləndən və şikayətləri dinlənildən sonra Daxili İşlər Nazirliyinə (DİN) göndəriliblər.
100-dən çox zərərçəkmiş DİN-nin binası qarşısına gəlib. Onlardan 4-5 nəfəri DİN-in qəbul otağına dəvət olunub və hazırda şikayətləri dinlənlib.
Qeyd edək ki, “Qala” BTX-nin Biləcəridəki baş ofisi boşaldılıb. Pulunu ala bilməyən insanlar ofisin qarşısına toplaşsalar da bir nəticə yoxdur.
Zərərçəkənlərin verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə məsələ ilə bağlı edilən çoxsaylı şikayətlərdən sonra araşdırmalara başlanılıb. Mühafizə xidmətinin Vüqar Həsənov adlı səlahiyyətli şəxsinin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.
Əlavə məlumat verməyə çalışacağıq.


* * *16:12
Bu dəqəqələrdə Daxili İşlər Nazirliyinin nəzdində olduğu bildirilən, "Qala" Beynəlxalq Təhlükəsizlik Xidmətinin əməkdaşları Bakıda yürüş keçiriblər.
Avropa.info-nun hadisə yerində olan əməkdaşlarının verdiyi məlunmata görə, yürüş iştirakçıları Daxili İşlər Naziriliyinin qarşısına gəliblər.
Burada onları qarşılayan polis əməkdaşları etirazçılarla danışıqlar aparırlar. Hələ ki, etiraz aksiyası davam edir.
Aksiyanın səbəbi "Qala" şirkətinin uzun müddətdir ki, işçilərə maaş verməməsidir.
Polis tərəfindən heç bir zorakılıq müşahidə olunmur.
* * *15:18
Dələduzluq edən şirkətin sahibi tutuldu, aldadılan işçilər maaşlarını tələb edirlər
Daxili İşlər Nazirliyinin adından istifadə edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran “Qala-2” Beynəlxalq Təhlükəsizlik Xidmətinin baş ofisinin önündə aksiya keçirilir. Aznews.az xəbər verir ki, aksiyaya 200 nəfərə yaxın zərərçəkmiş qatılıb.
Qeyd edək ki, “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti adlı qurum işə düzəltmək adı ilə vətəndaşlardan 3500 manat dəyərində pul alır. Bu miqdarın 1000 AZN-i “şirinlik”, 2500 AZN-i isə depozit kimi götürülür. Şirkət depozit kimi ödənilən pulun yarısını maaş kimi verəcəyinə söz verir. Lakin şirkətin məsul şəxsləri pulu aldıqdan sonra götürdükləri öhtəlikərin heç birini yerinə yetirmirlər. Buna görə də, şirkətin dələduzluğundan əziyyət çəkən insanların bir qismi etiraz yolu ilə haqlarının bərpasına çalışır.
Zərəçəkənlər sayta bildiriblər ki, dünənə qədər onlara pullarının qaytarılacağı deyilirmiş. Dünən isə şirkətin rəhbəri Vüqar Hüseynovun həbs olunduğu, buna görə də pulların qaytarılmayacağı deyilib: “Buna görə də yığışmışıq Biləcəri qəsəbəsində yerləşən baş ofisin qabağına. Polis imkan vermir, əgər bizi buradan uzaqlaşdırsalar, Prezident Administrasiyasının qarşısına gedəcəyik. Minlərlə insanın haqqı tapdanıb burda”.
Xatırladaq ki, “Qala-2” Beynəlxalq Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərib...
...Bu arada məlum olub ki, Şabranda fəaliyyət göstərən “Qala” özəl mühafizə şirkəti işçiləri də maaşlarını ala bilmədikləri üçün rəhbərliyin evi qarşısında aksiya keçiriblər. Şabrandakı mənbədən axar.az-a verilən məlumata görə, 90 nəfərin iştirakı ilə şirkətin rəhbəri, ötən ilə qədər sahə müvəkkili vəzifəsində çalışmış Şakir Həbibovun evi qarşısında mitinq olub.
Təqaüdə çıxandan sonra polis sıralarından ayrılan firma rəhbəri “Qala”ya başçılıq edib. Şirkət burada da mühafizə xidmətinə depozitlə işçi cəlb etməyə başlayıb. Hər bir əməkdaş 2000-2500 manat civarında depozit qoyub və üç aydan gec olmamaq şərti ilə əmək haqlarını alıb. Məlumatda bildirilir ki, şirkət rəhbəri depozit qoyan işçilərə maaş vermədiyinə görə narazılar evinin qarşısına toplaşıb.
“Qala” rəhbəri onların qarşısına çıxmayıb və əraziyə polis qüvvələri cəlb olunub. Aksiya iştirakçıları arasında saxlanılanlar olub. Digər etirazçılar isə saxlanan həmkarlarının ardınca Şabran Rayon Polis şöbəsinə üz tutublar. Aksiyaçıların qabağına rayon polis rəisinin müavini Laçın Hacıyev çıxıb və problemin bir neçə günə həll ediləcəyinə söz verib.

Şərhlər