Rusiyanın Çeçenistan regionunun paytaxtı Qroznıda Məhəmməd Peyğəmbərin karikaturalarına etiraz olaraq nümayiş keçirilib. Çeçenistanın Daxili İşlər nazirliyi nümayişdə bir milyondan artıq insanın iştirak etdiyini bildirib. Bundan əvvəl Rusiyanın Daxili İşlər nazirliyi nümayişdə iştirak edənlərin sayının 800 mindən çox olduğunu bidirib.
İştirakçılar "Məhəmməd peyğəmbərimizdən əl çəkin", "Biz Məhəmməd peyğəmbəri sevirik" şüarları yazılmış plakatlar daşıyıblar.
Çeçenistan əhalisinin sayı 1,3 milyondur. Nümayişdən əvvəl Çeçenistanın lideri Ramzan Kadırov insanları Məhəmməd Peyğəmbərin karikaturalarını çəkənlərə etiraz etmək üçün aksiyaya qatılmağa çağırıb. Kadırov bəyan edib ki, "Rusiya müsəlmanlarını təxribata çəkmək niyyətlərinin qarşısı alınacaq".
Nümayiş iştirakçıları qarşısında çıxış edən Ramzan Kadırov “Məhəmməd Peyğəmbərin adını məsuliyyətsiz şəkildə ləkələyə biləcəyini düşünənləri dayandırmaq üçün lazım gəlsə ölməyə hazırıq” deyib.
Çeçenistan paytaxtında keçirilmiş mitinq iştirakçıların kütləvi namaz qılması ilə başa çatıb.
Şənbə günü "İslam terrorçuluğa qarşı" şüarı altında mitinq İnquşetiyada da keçirilmişdi, tədbirdə 20 minədək insan iştirak etmişdi.
Bundan əvvəl Rusiyanın Roskomnadzor nəzarətçi idarəsi ölkə mediasına müraciət edərək "dindarların hisslərinə toxuna bilən karikaturalın dərcindən" çəkinməyə çağırmışdı.
Məhəmməd peyğəmbərə qarşı karikaturaların dərcinə etirazlar son günlərdə Afrika ölkələrini də bürüyüb - kütləvi aksiyalar Mavritaniya, Əlcəzair, Mali və Seneqalda keçirilib.




Şərhlər