Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 28-də “20 Yanvar” dairəsinin yaxınlığında baş verib. 

Bakı şəhər sakini taksi sürücüsü, 39 yaşlı Arzuman Hümbətov üstünə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Yanıq Mərkəzindən verilən məlumata görə Arzuman Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb, vəziyyəti ağırdır. Hadisə yerində olan şəxslərin köməkliyi ilə alov söndürülüb və yaralı xəstəxanaya aparılıb.

Qeyd edək ki, Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edilməsindən sonra özünü yandırdığı bildirilir. Yasamal rayon Polis İdarəsindən avtolent.az-a bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

* * *

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov APA-ya açıqlamasında qeyd edib ki, intihara cəhd edən şəxs texniki cəhətdən nasaz avtomobillə qeyri-qanuni taksi fəaliyyəti göstərib: ”Həmin şəxsin taksi fəaliyyəti göstərilməsi barədə lisenziyası  və fərqlənmə nişanı olmayıb. Bundan əlavə, həmin taksi sürücüsünün səhhətində və danışıq tərzində problemlər var.  Müfəttişlər ona bu barədə dəfələrlə xəbərdarlıq edib və bu gün yenidən xəbərdarlıq edilib. Bundan sonra sürücüdən sənədləri istənilib və avtomobildə əvvəlcədən hazırladı yanacağı öz üzərinə tökərək müfəttişlərə yaxınlaşıb. Müfəttişlərin yanına çatdıqda kibritlə özünə od vurub. Bu zaman müfəttişlər və ərazidə olan polis əməkdaşları tərəfindən həmin şəxsin üzərində yanan hissə söndürülüb. Nəticədə həmin şəxsin və Nəqliyyat Nazirliyinin müfəttişin əli yanıb. Hər iki şəxs Yanıq Mərkəzinə yerləşdirilib”.

* * *

"Bakının "20 Yanvar" metro stansiyasının yaxınlığında özünü yandıran şəxs taksi sürücüsü deyil, qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür".

Bunu "APA-Economics"ə açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov deyib.

"İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib. Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır... Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır", - deyə nazirliyin  rəsmisi bildirib.