«The Guardian» yazır ki, diplomatiyanın dövrü qayıdacaq, ancaq indi onun zamanı deyil: Ukraynaya təcili hərbi dəstək lazımdır.
«Vladimir Putin keçmiş Sovet İttifaqının Slobodan Milošević-idir: onun kimi pisdir, ancaq ondan da böyükdür. Yalanlar arxasında gizlənərək o, Ukraynanın şərqində oyuncaq dövlət qurmağa çalışır», - müəllif Timothy Garton Ash yazır.
«Başı Yunanıstan və avrozoyana qarışan Avropa ön xəttində daha bir Bosniyanın yaranmasına imkan verir. Oyan, Avropa! Öz tariximizdən nəsə öyrənmişiksə, Putin-i durdurmaq lazımdır. Ancaq necə?».
Müəllif Rusiyaya iqtisadi sanksiyaların artırılmasını vacib sayır. Ancaq eyni zamanda qeyd edir ki, Putin, Milošević kimi, əlinin altındakı hər alətdən istifadə etməyə hazırdır, rəhmsizdir. Putin sonucda itirəcək, ancaq əziyyəti xalq qalacaq. O getməmişdən Donetsk çayına hələ çox qan və gözyaşı axıdılacaq. Ona görə də bu müddəti qısaltmaq lazımdır. Bunun üçün Ukraynaya müasir müdafiə silahları gərəkdir. ABŞ Konqresi Ukraynada Azadlığa Dəstək Aktını qəbul edib. İndi prezident Obama Ukraynana hərbi avadanlıq verilməsinin vaxtını və tərkibini müəyyənləşdirməlidir.
«Ukrayna ordusu Rusiyanın hücumunu dəf edəndən sonra danışıqlar yoluyla həll mümkün olacaq. Bəzən silahı yalnız silah durdura bilir», - müəllif yazır. (Azadlıq radiosu)

Şərhlər