Krımın Azərbaycan icması ötən il iyulun 11-də ermənilər tərəfindən girov götürülmüş RF vətəndaşı Dilqəm Əsgərovun taleyi haqda informasiya sorgusu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edib. Bu barədə Turan-a Azərbaycan icmasının rəhbəri Rahim Hümbətov bildirib.
Müraciətdə D.Əsgərovun azad edilməsi, onun qanuni hüquq və maraqlarının müdafiəsi üçün hansı tədbirlərin görüldüyü soruşulur.
Həmçinin D.Əsgərovun azad edilməsi üçün RF XİN-in hansı tədbirlər görmək niyyətində olması məsələsi qoyulur.
Qeyd edək ki, Rusiyada informasiya əldə edilməsi hüququna RF Konstitusiyasının 24-cü maddəsinin 2-ci paraqrafı, 29-cu maddənin 4-cü paraqrafı, “Ətraf mühitin qorunması haqqında” federal qanunun 11-ci maddəsi, “İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması haqqında” federal qanunun 11-ci maddəsində zəmanət verilir.
Dövlət orqanları və yerli özünüidarəetmə orqanları vətəndaşların və ictimai təşkilatların sorğularına cavab verməlidirlər.
*Dekabrın 29-da Xankəndidə Qarabağ separatçıları tərəfindən təxribat-casusluq hərəkətlərində ittiham olunan iki kəlbəcərlinin barəsində hökm çıxarılıb.
Dilqəm Əsgərov ömürlük azadlıqdan məhrum edilib, Şahbaz Quliyev isə 22 il həbs cəzası alıb. Xatırladaq ki, onlar ermənilərin işğal etdikləri Kəlbəcər rayonunun keçmiş sakinləridir. İyunda təxribatda ittiham olunaraq həsb ediliblər.


Şərhlər