Menu

Olland və Merkel Kiyevdən Moskvaya gedəcəklər

06.02.2015, 01:27
Olland və Merkel Kiyevdən Moskvaya gedəcəklər

Poroşenko:“Ukraynada hərbi səfərbərlik elan edilə bilər”

Fevralın 5-də günün ikinci yarısında Fransa prezidenti Fransua Ollandla Almaniya kansleri Angela Merkel Kiyevə gəlib. Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdən sonra Olland və Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək.

Görüşlərin əsas mövzusu iki ölkə arasında silahlı münaqişənin dayandırılması yollarıdır. Görüşdən öncə dövlət başçılarının mətbuat katibləri mediaya açıqlana verərək Rusiyanın hərbi təcavüzünün qarşısının alınması ilə bağlı bir sıra konkret təkliflər olduğunu bildiriblər.

Şarl de Qoll hava limanında Fransa telekanallarının suallarını cavablandıran Fransua Olland deyib ki, əsas məqsəd Ukrayanın ərazi bütövlüyünün təmin edilməsidir:“Münaqişə yalnız və yalnız bu prinsip əsasında nizamlana bilər. Ümid edirik ki, beynəlxalq birliyin səyləri Ukraynada axan qanı dayandırmaq baxımından səmərəli olacaq”.

Rusiyanın Ukraynaya hərbi təcavüzünün dayandırılması ilə bağlı daha bir danışıq NATO-nun baş katibi Yens Stotenberqlə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında gedəcək. Tərəflər NATO-nun Münhen konfransı çərçivəsində görüşəcək.

Fevralın 6-da baş tutacaq görüşdə Stoltenberq Rusiyanı beynəlxalq hüquq normalarına əməl etməyə, eyni zamanda atəşkəsi qorumaq üçün separatçılara təsir göstərməyə çağıracaq. Xəbəri NATO-dakı qaynaqlar yayıb.

Bu haqda Almaniya mediasının suallarını cavablandıran Stoltenberq deyib ki, NATO Rusiyanın separatçılara təsir göstərə biləcəyinə əmindir: “Separatçıların əlində Rusiyadan alınan həddən artıq böyük miqdarda ağır hərbi texnika var. Biz Rusiya nişanı olan hərbi maşınları, eləcə də hərbçiləri Ukrayna ərazisində dəfələrlə görmüşük. Mən indi dəqiq rəqəmlər səsləndirə bilməyəcəm. Ancaq bəlli olan odur ki, Rusiyanın separatçıları silahlandırması ATƏT-in Minsk razılaşması çərçivəsində Ukrayna Silahlı Qüvvələri ilə vuruşan tərəfin üzərinə götürdüyü öhdəliklərə ziddir”.

Y.Stoltenberq bildirib ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri ilə görüşdə bu haqda geniş müzakirələr aparılacaq.

“Əgər ölkənin doğusunda durum bir qədər də gərginləşsə, biz bütün ölkə üzrə hərbi vəziyyət elan edəcəyik”. Bu sözləri “El Pais”ə açıqlamasında Ukrayna prezidenti Petro Poroşenko deyib. Prezident Poroşenko deyib ki, bu addımı atmağa tələsmir, çünki bu demokratiyanın və insan haqlarının məhdudlaşdırılmasına səbəb olacaq, iqtisadiyyatın inkişafına mane olacaq:“Hərbi vəziyyət elan edilən ölkəyə kim gələcək? Biz ölkədə xarici investisiyaların həcmini ciddi şəkildə artırmağı planlaşdırırıq. Yaxın aylarda Ukraynaya milyard dollarlarla investisiya axını başlayacaq. Ona görə də hərbi vəziyyət elan edilməsini hələlik uyğun görmürük. Ancaq doğuda və güney-doğuda durum daha da gərginləşsə, biz belə bir qərarı verməli olacağıq”.

Petrop Poroşenko deyib ki, Ukraynanın durumu son dərəcə ağırdır: “Rusiyanın hərbi təcavüzü nəticəsində böhran dərinləşir. Biz bir tərəfdən iqtisadi islahatlar aparmalı, digər tərəfdən aktiv hərbi əməliyyatlarla ərazi bütövlüyümüzü təmin etməliyik. Bu gün Ukrayanın qarşısında dayanan ən ciddi problem isə hərbi münaqişənin daha geniş ərazilərə yayılmasının qarşısını almaqdır”.

Ukraynanın doğu vilayətlərindəki gərginlik isə ən yüksək həddədir. Rusiyanın bir neçə gün öncə ağır döyüş əməliyyatları ilə ələ keçirdiyi Donetsk hava limanında hələ də yaralı Ukrayna hərbçiləri var. Ukraynanın xəbər qaynaqları yazır ki, fevralın 5-də səhər saatlarında ərazidə yaralı Ukrayna hərbçisi tapılıb.

Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Andrey Lısenko faktı təsdiq etsə də hərbçinin hansı şəraitdə tapılması məsələsinə aydınlıq gətirməyib: “Belə bir informasiya var. Çox təəssüf, dağıntılar altında qalan digər Ukrayna döyüşçülərinin axtarışını davam etdirmək mümkün deyil. Rusiya Silahlı Qüvvələri ərazini artelleriya atəşi altında saxladığına görə əraziyə nə canlı qüvvə, nə də hərbi texnika yeritmək mümkün olmur”.

Andrey Lısenko deyib ki, yanvarın 4-dən 5-nə keçən gecə Ukrayna Ordusu döyüş əməliyyatlarında 5 hərbçisini itirib. Təkcə Donbasda yaralananların sayı 29-a çatıb.

Yada salaq ki, bir neçə gün öncə Ukraynada səfərbərlik elan ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Vladislav Seleznyov fevralın 5-də Kiyevdə keçirdiyi brifinqdə deyib ki, səfərbərliyə hərbi mükəlləfiyyəti olan qadınlar da cəlb edilə bilər: “Zabit heyəti üçün 20-50, digər hərbi vəzifələr üçün 20-40 yaş məhdudiyyəti müəyyən edilib. Bu zaman qadınların könüllülük prinsipi də nəzərə alınacaq. Səfərbərliyə cəlb edilən qadınlar əsasən tibb xidmətində, lojistik sahədə qulluq edəcək”. Baş qərargahın sözçüsü bildirib ki, 2014-cü ildə elan edilən qismən hərbi səfərbərlikdə 100 qadın hərbçi hospitallarda xidmətə başlayıb.

Fevralın 5-də Ukrayna Ali Radası “Silahlı Qüvvələr haqqında” Qanuna bir sıra dəyişikliklər edib. Unian.net yazır ki, qanunun savaş dönəmi ilə bağlı bəndləri sərtləşdirilib. Dəyişikliklərə görə, döyüş əməliyyatları zamanı komandanlığa əmrləri yerinə yetirməkdən imtina edən hərbçiləri güllələmək hüququ verilib. Bundan başqa, komandanlığın döyüş bölgəsində səhlənkarlıq edən, vəzifə səlahiyyətlərini aşan, spirtli içkilərdən istifadə edən hərbçiləri cəzalandırmaq səlahiyyətləri də genişləndirilib.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol