İstintaq yolu ilə müəyyən edilib ki, Saraxanım Babayeva özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib və onları aldadıb. O, Turanə Məmmədli adlı vətəndaşın evlərində baş verəcək faciənin qarşısını alacağını vəd edərək sonuncunun 1500 manat pulunu mənimsəyib. Gələcəkdə evləri söküləndə T.Məmmədliyə böyük məbləğdə pul veriləcəyinə inandıraraq onu öz yaşadığı evə qeydiyyata saldırmaq adı ilə daha 5500 manat pulunu alıb.
Bundan başqa S.Babayeva xeyriyyə tədbirlərinin birində tanış olduğu Təranə Mərdanovaya yüksək vəzifəli şəxslərlə tanış olduğunu deyərək onu nüfuzlu dövlət qurumlarının birində şöbə müdiri vəzifəsinə işə düzəldəcəyinə söz verib. T.Mərdanovanı aldadaraq 25 min manat pulunu və külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib.
Törətdiyi cinayət əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Əvvəllər də dələduzluğa görə həbsdə yatmış S.Babayeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Saraxanım Babayeva istintaq zamanı ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində uzun illər baxıcılıqla məşğul olduğunu göstərib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Turanə Məmmədlini baldızı qızının vasitəsilə tanıyıb: “Turanə fala baxdırmaq üçün yanıma gəldi, sevdiyi oğlanla münasibətlərinin qaydaya salınmasına kömək göstərməyimi xahiş etdi. Bu işə görə Turanədən ayrı-ayrı vaxtlarda 1500 manat almışam. Lakin qız oğlana şər atdığına görə onların münasibətləri düzəlmədi. Turanəni evə qeydiyyata saldırmaq üçün ondan 4 min manat almamışam. Turanə bunu yalan deyir”.
S.Babayeva ifadəsində Təranə Mərdanova ilə uşaq evində tanış olduqlarını, onu işə düzəltmək adı iləheç vaxt aldatmadığını göstərib: “Bir nəfər tanışım yetim evinə yardım apararkən məni də özü ilə aparmışdı. Təranə Mərdanova ilə orada tanış olduq. Təranə Dubaydan mal gətirib satırdı. Ondan bir neçə mal alsam da maddi imkanım olmadığına görə ödəyə bilmirdim. Təranəni işə düzəltmək üçün ondan pul və qızıl-zinət əşyaları almamışam. Bunların hamısı şər-böhtandır”.
Zərərçəkmiş Turanə Məmmədli ifadəsində fala baxdırmaq üçün Saraxanım Babayevanın yaşadığı evə getdiyini bildirib. Falçı qadının ona “sənin bəxtini bağlayıblar, ailənizin başında böyük faciə var” deməsi gənc qızı təşvişə salıb: “Dedi ki, atan ağır xəstədir, ailənizin başında faciə var. Bu işlərdə kömək edəcəyini bildirdi və öz mobil nömrəsini mənə verdi. Görəcəyi işlərin qarşılığında əvvəlcə 500 manat aldı. Tez-tez zəng vurub məni evinə çağırır, müxtəlif məbləğdə pul, qənd, çay, şampun, yumurta, yorğan-döşək və s. istəyirdi. Mən də ailəmin təhlükəsizliyi naminə onun dediklərinə əməl edirdim.
Tanışlığımızdan bir qədər sonra Saraxanım dedi ki, yaşadığı ev bu yaxınlarda söküləcək, gəl səni bura qeydiyyata saldırım, evlər söküləndə sənin də payına pul düşsün. Onun vədinə inanıb əvvəl 400, sonra isə 600 manat verdim. Pulu alması və məni öz evinə qeydiyyata saldırması barədə heç kimə heç nə deməməyi tapşırdı”.
Falçı qadının toruna düşənlərdən digəri isə müəllimədir. Hazırda ikinci ali təhsil aldığını deyən Təranə Mərdanova baxıcının onu necə aldatmasından danışır: “Saraxanımla ilk dəfə baxıcılıq fəaliyyəti ilə əlaqədar tanış olmuşuq. İlk görüş zamanı Saraxanım Hüseyn adlı şəxsin xeyriyyəçilik etmək istədiyini bildirdi. Mən də onu tədbirə qoşaraq Şüvəlan qəsəbəsindəki uşaq evinin müdirəsi ilə danışdırdım. Hüseyn 155 xəstə uşağa yardım etmək istədiyini dedi. 2013-cü il, avqustun 3-də Saraxanım həmin uşaq evinə Hüseynlə birlikdə gəldi. Tanışlıq vaxtı Saraxanım dedi ki, yaxşı əlaqələri var. Hüquq fakültəsində oxuduğumu öyrənincə dedi ki, səni Telman adlı tanışımın vasitəsilə şöbə müdiri vəzifəsinə düzəldə bilərəm. Mənə Telmanın nömrəsini verdi, onunla danışdım. O da Saraxanımın dediklərini təsdiqlədi. Bir neçə gündən sonra Saraxanım zəng vurub bu iş üçün 50 min manat vermək lazım olduğunu dedi. Ona bu qədər pulumun olmadığını, amma 25 min manat və qızıl-zinət əşyalarımı verə biləcəyimi dedim. Ötən il yanvar ayının 10-da qızılları və pulu Saraxanımın evində ona gətirib verdim”.
Zərərçəkənin sözlərinə görə, falçı qadın ona 2014-cü il, mart ayının 27-də işə çıxacağını deyib. Amma sonradan bu iş baş tutmayıb. Belə ki, zərərçəkən bir müddət gözləyəndən sonra S.Babayeva ilə əlaqə saxlayaraq nə baş verdiyini soruşub.
Cavab gənc hüquqşünası şoka salıb. Saraxanım Babayevanın “Telman deyir, gərək əvvəlcə onunla bağa gedib kef çəkəsən, sonra iş məsələsinə baxarıq” deməsindən əsəbiləşən qadın o pulu kef çəkmək üçün deyil, işə düzəlmək üçün verdiyini bildirib. Və bu səbəbdən də pullarını geri tələb etməyə başlayıb.
Baxıcı qadın əvvəlcə pulları qaytaracağına söz versə də sonradan müəlliməni şantaj etməyə başlayıb.
T.Mərdanovanın dediklərindən: “Mənə deyirdi beş kişini gətirib üzünə qoyarıq ki, əxlaqsızlıqla məşğul olursan, qadınları Dubaya, Türkiyəyə aparıb satırsan, şəhid ailəsinin həbsdə olan oğlunu azad etdirmək üçün onlardan 50 min manat almısan. Nömrəmi tanımadığım şəxslərə verib mənə zəng etdirirdilər, narahat edirdilər. Telefon danışıqlarını diktofon vasitəsilə telefonun yaddaşına köçürtdüm.
Nəhayət, ötən ilin aprel ayında Saraxanımın evinə getdim. Mənim haqqımda o cür sözlər dediyi zaman əsəbi olduğunu bildirdi və iki-üç gündən sonra pulları və qızılları qaytaracağını dedi. Amma verdiyi sözə əməl etmədi”.
Zərərçəkmişin sözlərinə görə, bu söz-söhbətlərdən sonra Mahizər Həsənova adlı bir qadın ona zəng vuraraq “oğlumu həbsdən azad etdirmək üçün sənə 50 min manat vermişəm” deyib. Bir neçə gündən sonra M.Həsənova Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gedərək Təranə Mərdanovadan şikayət edib. Bundan sonra Təranə Mərdanova Saraxanım Babayeva barədə polis və prokurorluq orqanlarına ərizə ilə müraciət edib. T.Mərdanova nə Mahizər Həsənovanı, nə də onun oğlunu tanımadığını, vəkillik fəaliyyəti ilə məşğul olmadığını, onlardan 50 min manat almadığını bildirib.
T.Mərdanovanın sözlərinə görə, Saraxanım Babayeva Mahizər Həsənova ilə qohum və həmyerlidir. S.Babayeva onun pulunu və qızıllarını qaytarmamaq üçün M.Həsənova vasitəsilə ona şər atır.
Bu cinayət işi üzrə proses davam edir. Növbəti məhkəmə prosesi fevralın 13-də olacaq.


Şərhlər