Broyler toyuqlarının peyvənd vurularaq şişirdilməsini əks etdirən videolar öncə sosial şəbəkələrdə yayılsa da, telekanallarda və radiolarda da ciddi müzakirə mövzusuna çevrildi. Müzakirələrdə broyler toyuqlarının ziyanları, geninin dəyişdirilməsi və iynə ilə şişirdilib kökəldilməsi fikirlərinə cavab olaraq aidiyyəti qurumlar araşdırmalara başlanacağını və nəticələrin ictimaiyyətə açıqlanacağını desələr də, görünən odur ki, baş verənlər istehlakçılar arasında çaşqınlıq yaradıb. Bu həm də quş əti istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinə ciddi təsir göstərib. Çünki broyler toyuqlarla bağlı yayılan videolardan sonra əhali toyuq və toyuq məhsulları almaqdan imtina etməyə başlayıb. Mağazalarda yığılıb qalan toyuqların görüntüsü bunu deməyə əsas verir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bu fikirləri tamamilə haqlı sayıb və quş əti istehsalına olan tələbatın kəskin aşağı düşdüyünü bildirib: “Əvvəllər bizim birliyə həftə ərzində broyler toyuqları ilə bağlı 3-4 zəng gəlirdisə, həmin videolar yayıldıqdan sonra ən azı gün ərzində 10 zəng gəlir. Əhali narahatdır, ciddi təşviş içərisindədir, nigarandır.
Onların bizə ünvanladıqları suallar içərisində ən çox səslənənlər bunlardır: “Nə üçün 1 kiloqramlıq toyuqlar satılır?”. Özləri də cavab verir ki, “yəqin murdar olmuş toyuqlardır”. Nə üçün broyler toyuqların əti bişəndə iy verir, çürümüş forma alır, dağılır? Nə üçün sümüklərinin rəngi qaradır, ovxalanır? Nə üçün toyuğu alanda çəkisi çox olur, donu açılanda təxminən 30 faizə qədər azalır?
Bütün bu suallar və Azad İstehlakçılar Birliyinin apardığı tədqiqatlar o nətiəcəyə gətirir ki, bu sahədə ciddi problemlər var”.
AİB sədri vurğulayıb ki, səs-küyün 20 faizi haqsız rəqabətdən yarana bilər: “Bu mümkündür, amma qalan 80 faiz bu sahədə problemlərin olduğu reallığını göstərir.
Haqsız rəqabətdən doğan 20 faiz ola bilər ki, qırmızı ət satanların yürütdüyü anti-reklamdır. Bu da istisna olunmur. Lakin 80 faiz bu sahədə doğrudan problemlər var.
Bu gün müstəqil laboratoriyalar olmadığından broyler fabrikləri açıq şəkildə ekspertlərin, jurnalistlərin ora daxil olaraq müşahidə aparmalarına icazə vermir. Baytarlıq dərmanları, antibiotik qalıqlarının bazara çıxarılan toyuqlarda hansı normada olması barədə qaranlıq məqamlar var”.

Alıcı kimi iri marketlərin qarşısında səhər tezdən “Jiquli” markalı avtomobillərin arxasına doldurularaq daşınan, dükana gətirildikdən sonra “pinqivin” sellofanlara dodurulan “təzə” toyuqları hamımız görmüşük. O zaman biz hansı sağlamalıqdan danışırıq?!

Konkret olaraq, həmin videodan danışsaq, onu deyə bilərəm ki, mən də baxmışam. Həmin videoda əks olunan müəssisə böyük şirkət deyil, hansısa kiçik bir sexdir. Orda istifadə edilən vasitə şpris də deyil. Bu video ilə sadəcə, problemin olduğunu göstəriblər.
Təəssüf ki, ölkədə qida təhlükəsizliyinə dair qanun, istehlakçının səsinin eşitdirilməsi mexanizmi yoxdur”.


Şərhlər