Menu

Manatın ucuzlaşmasından kimlər itirəcək?

21.02.2015, 14:07

kreditDollarla kredit götürənlər manatla ifadədə daha çox pul ödəyəcəklər

"Manatın ucuzlaşması nəticəsində banklardan rəsmi valyuta ilə kredit götürənlərin ödənişləri dollarla ifadədə aşağı düşəcək". Bunu Anspress-ə açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. Mütəxəssisin fikrincə, manatla kredit götürənlər dollarla ifadədə daha az ödəniş edəcəklər.

Ancaq krediti dollarla götürənlər üçün eyni şeyi şamil etmək olmaz. Belə ki, iqtisadçı hesab edir ki, dollarla kredit götürənlər manatla ifadədə daha çox pul ödəməli olacaqlar:

"Məsələn, vətəndaş 10 min dollar kredit götürübsə, əvvəl bu məbləğə görə, 7850 manat ödəməli idi. Manatın ucuzlaşmasından sonra 10 min dollar kredit götürən şəxs artıq 10 min 500 manat ödəyəcək".

Qeyd edək ki, dollarla kredit götürənlərə hesablanan faizlər də manatla ifadədə artacaq və vətəndaş kreditinin faizini daha çox ödəməli olacaq.

Vuqar_Bayramov 0021-0019Vüqar Bayramov bildirib ki, manatın ucuzlaşması idxalı bahalaşdırır. İqtisadçının fikrincə, hazırki vəziyyətdə Azərbaycana idxal olunan məhsulların qiymətində artımlar müşahidə olunacaq:

"Nəzərə alsaq ki, idxal olunan məhsullar dollarla ifadə olunur, bu zaman manatın ucuzlaşması həmin malların dəyərinin yüksəlməsinə gətirib çıxarır. Güman edirəm ki, xarici ölkə istehsalı olan malların qiyməti bahalaşacaq".

Mütəxəssisin sözlərinə görə, manatın devalvasiyasının mənfi olduğu qədər müsbət tərəfləri də var: "Müsbət tərəf ondan ibarətdir ki, ölkədə ixracın stimullaşdırılmasına imkan yaranacaq. Manatla istehsal olunan mallar xarici ölkələrə dollar və avro ilə satıldığı üçün bu amil ölkədə ixracla bağlı sərfəli şərait yaradacaq", - deyə iqtisadçı-alim qeyd edib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 Avronun rəsmi məzənnəsi isə 1,19 səviyyəsində müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol