Bu matç Bakıda keçiriləcək seçmə oyuna hazırlıq xarakteri daşıyır
Bu gün Antalya toplanışı çərçivəsində Azərbaycan milli komandası Donetsk "Şaxtyor"u ilə yoxlama görüşü keçirib. ANS PRESS-in məlumatına görə, qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız uduzub.
Oyuna fəal başlayan Donetski klubu 37-ci dəqiqədə Duqlas Kosta ilə hesabı açıb. Lakin yığmamız fasiləyə qədər hesabda bərabərlik yaratmağı bacarıb. 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib. Fasiləyə heç-heçə ilə yollanan yığmamız ikinci yarıda qapısından növbəti qolu buraxıb. Bu dəfə 67-ci dəqiqədə braziliyalı futbolçu İsmaili komandamızı mərkəzdən başlamağa məcbur edib - 1:2.
Beləliklə, matçda bundan başqa qol olmayıb və millimiz 2015-ci ildə ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, bu qarşılaşma millimizin AVRO-2016-nın martın 28-də Maltaya qarşı Bakıda keçiriləcək seçmə oyununa hazırlıq xarakteri daşıyır.
24 fevral
Yoldaşlıq oyunu
18:00
Azərbaycan - Şaxtyor (Donetsk, Ukrayna) 1:2
Antalya. "Mardan Stadium"
Qollar: Ələsgərov, 44 - Kosta, 37, İsmaili, 67.


Şərhlər