Menu

Hüquq müdafiəçisi haqda həbs qətimkan tədbiri seçildi - Anası Prezidentdən kömək istəyir

26.02.2015, 18:38
Hüquq müdafiəçisi haqda həbs qətimkan tədbiri seçildi - Anası Prezidentdən kömək istəyir

Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə müsavat.com-a onun yaxınları məlumat verdilər: “3 gün onu polis şöbəsində saxlayandan sonra fevralın 26-da saat 17 radələrində məhkəməyə gətirdilər və hakim 5 dəqiqəlik proses keçirərək, barəsində həbs qətimkan tədbiri seçdi”.

Yaxınlarının bildirdiyinə görə T.Xasməmmədov fevralın 24-də səhər saatlarında anası ilə birgə mebel salonuna gələrkən bir nəfər şəxs hüquq müdafiəçisinə yaxınlaşaraq onun üzünə tüpürüb və dərhal yerə yıxılaraq çabalamağa başlayıb. Dərhal da polislər T.Xasməmmədovu həbs edərək aparıblar.

Yaxınları musavat.com-a bildirib ki, hüquq müdafiəçisinin həbsi son vaxtlar aktiv şəkildə hüquqları pozulan insanların problemlərini ictimailəşdirməsi və tənqidi çıxışları ilə bağlıdır. Hüquq müdafiəçiləri hesab edir ki. vicdan məhbusu statusunda prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmış T.Xasməmmədovun yenidən həbs edilməsi hökumətə problemlər yaradacaq.

Bu arada Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova tərəfindən prezident İlham Əliyevə müraciət ünvalayıb. "AzPolitika.info"ya da göndərilən müraciətdə G.Xasməmmədova ölkə başcısınfdan kömək istəyir: "Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm, bizim ailəyə kömək edin"

Müraciətdə ciddi xəstə olan Talehin günahsız olduğöu bildirilir: "Bu gün Xocalı soyqırımı günüdür.Cənab Prezident bir ağbirçək ana kimi Sizə bildirirəm ki, and olsun müqəddəs şəhidlərimizin ruhuna 24 fevral 2015-ci il tarixdə Taleh heç bir cinayət törətməyib, əvvəlcədən qurulmuş plana əsasən şərlənərək həbs edilib.Bütün bunlar şəxsən gözümün qarşısında baş verməsəydi mən susardım dinməzdim. Ancaq Talehin necə şərlənməsi gözümün qarşısında baş verdi. Kiçik qızımın 08 martda toyu olacaq deyə mebel maqazininə baxıb çıxıb maşına əyləşmək istəyəndə həmin qondarma zərərçəkən Zahir adlı şəxs anı olaraq qəfil Talehə yaxınlaşıb üzünə tüpürdü, yaxasından yapışıb yıxıldı yerə və Talehidə yıxdı öz üstünə. Başladı həyasızcasına qışqırmağa.

İki dəqiqə çəkmədi iki maşın polislər ora gəldilər, polis rəisinin müavini də onların arasında idi. Sonradan öyrəndik ki, həmin Zahir adlı şəxs polisin "işverənidir". Çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib ki, artıq bunu təsdiq edən sənədlər də əldə edilib."

Müraciətdə həmçinin qeyd olunur ki, hadisənin necə baş verməsini gözü ilə görən çoxlu sayda insanın və həmçinin videoçəklişin olduğu bildirilir: "Bir ana kimi inanıram ki ,Siz obyektiv həqiqəti araşdırıb bunu edən şəxsləri cəzalandıracaqsınız və şərlənərək həbsə atılmış Talehin dərhal azad edilməsinə göstəriş verəcəksiniz. Biz Sizə inanırıq, çünki, 2012-ci il tarixdə Talehi əfv edib azadlığa, ailəsinə, azyaşlı körpə övladlarına qovuşdurdunuz. Biz bu yaxşılığı heç vaxt unutmarıq. 15 nəfərlik ailəmiz köhnə darısqal evdə yoxsulluqla borc içində yaşayır. Həmin evdə bankda girovdadır. Taleh iki ay bundan əvvəl İranda müayinə olunub və həkimlər ciddi xəstə olmasını bildirirlər. Bu dəfə həbsdə qalsa məhv olacaq. Buna görə hazırda ailəmiz gözü yaşlı qalıb yas içindəyik.

Cənab Prezident, bir ağ birçək ana kimi Sizə inanıram və Sizdən çox-çox xahiş edirəm şərlənərək həbsə atılmış ciddi xəstə olan oğlum Talehi azad edib doğmalarına, iki körpə balasına qovuşdurasınız. Biz Sizə inanırıq".

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol