“AVTOŞLUQ” EDƏN “PORŞE”NİN SAHİBİ BİLİNDİ – Elton Məmmədov bu fakta nə deyəcək?

Yeni “avtoşluq” görüntülərindəki "10-AZ-458" dövlət nömrə nişanlı avtomobil kimindir?

Məlum olduğu kimi, Azərbaycan mediasında bir neçə gündür nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun paytaxtın Zığ-Hava limanı şosesində sürət yarışına çıxmağı ilə bağlı yayılan xəbərlər müzakirə olunur. Elton Məmmədovun bu xəbərləri “böhtan” adlandırması müzakirələri bir qədər də qızışdırıb.

Həmin məlumat və videonu yayan “virtualaz.org” xəbər saytının rəhbəri Eynulla Fətullayev mediaya açıqlamasında deputata ismarıc göndərib və bildirib ki, DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, “10 LZ 100” dövlət nömrə nişanlı avtomobilin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik “10 LR 100” dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. “Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E. Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz”.

Bundan sonra Elton Məmmədov oğlu barədə yazılanları bir daha yalan, böhtan və şantaj adlandırıb, bildirib ki, oğlu nəinki sürət yarışına çıxıb, hətta yayılan xəbərdə göstərilən “10 LZ 100” dövlət nömrə nişanlı avtomobilə də sahib deyil. Bu avtomobilin sahibi isə Bağırov Zaur Mətləb oğludur.

Lakin bu mübahisə yekunlaşmamış dünən gecə saatlarında daha bir “avtoş” videosu yayıldı və iddia olundu ki, həmin kadrlarda görünən maşının sahibi də Elton Məmmədovun kiçik oğludur. Oxuculardan birinin Musavat.com-a göndərdiyi videoçarxda avtomobillərin çox sürətlə hərəkət etdiyi görünür. Hətta, bəzi vaxtlarda sürət saatda 260 kilometrə qədər çatır.

Videonu göndərən oxucu iddia edir ki, kadrlarda görünən dövlət nömrə nişanı (10-AZ-458) aydın şəkildə görünən “Mersedes S class” avtomobili nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Elnura məxsusdur.

Bu gün bu iddialar haqda bir daha açıqlama verən Elton Məmmədov deyib:

“Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü kampaniyadır”.

Millət vəkili “Axar.az”-a bildirib ki, bu hadisələrə onun açıqlamasını öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: “Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib.”

Millət vəkilinin sözlərinə görə, o, övladlarına və özünə qarşı olan bu kampaniyanın kimlər tərəfindən təşkil edildiyini bilir: “Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Əgər bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allaha həvalə edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz. Mən də yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf deyilən bir şey yoxdur. Bu videoları da mənim övladlarım adı ilə redaksiyalara göndərənlər təsadüfi adamlar deyil. Bu, məqsədyönlü kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünü Allah özü açıb göstərəcək”.

Lakin deputat Elton Məmmədovun belə qəti təkziblərinə baxmayaraq, araşdırmalar nəticəsində ortaya atılan iddialar demək olar ki, öz təsdiqini tapır. Belə ki, yayılan videokadrlarda “avtoşluq” etdiyi görünən avtomobillərin Məmmədovlar ailəsinə, onların yaxınlarına məxsus olduğu sübut olunur. Azpolitika.info-nun araşdırmaları da ortaya müəyyən yeni sübutlar çıxarıb.

“Virtualaz.orq”-un yaydığı birinci videoda görünən “10 LZ 100” dövlət nömrə nişanlı avtomobil həqiqətən də Bağırov Zaur Mətləb oğlunun adınadır. Lakin bəllidir ki, bu şəxsin Məmmədovlarla bağlılığı elə başqa bir videokadrla sübut olunub – Anar Məmmədovun toy karvanında bu maşın açıq-aydın görünür.

Bizim araşdırmalarımıza görə, Eynulla Fətullayevin barəsində danışdığı "10-LR-100" dövlət nömrə nişanlı avtomobil DYP-nin kartotekasında həqiqətən də Məmmədov Aynar Elton oğlunun adınadır. Ancaq ədalət naminə qeyd etmək lazımdır ki, Aynar Məmmədovun adına olan bu avtomobillə “avtoşluq” edildiyini sübut edən videokadrlar mövcud deyil.

Lakin “Azpolitika.info”-nun araşdırmaları zamanı Məmmədovların “avtoşluq” videolarına aidiyyatını sübut edən daha mötəbər faktlar tapılıb. Bu faktlar dünən yayılan ikinci videoda görünən avtomobillə bağlıdır. Söhbət "10-AZ-458" dövlət nömrə nişanlı avtomobildən gedir. Əməkdaşımız dəqiqləşdirib ki, DYP-nin məlumat bazasında “Porşe” (Məlumatlarda səhvən “Mersedes S class” avtomobili kimi təqdim olunur) markalı bu avtomobilin sahibi kimi “Bakı XXI əsr” MMC göstərilir. Üstəlik hazırda bu avtomobil axtarışdadır. İnternetdəki məlumat bazalarında isə “Bakı XXI əsr” MMC-nin sahibi kimi bir başqasının yox, elə Elton Məmmədovun adı keçir.

Fikrimizcə, bu fakt “avtoşluq” videokadrlarına Məmmədov qardaşlarının aidiyyatını göstərən ən mötəbər sübutdur.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Rasim ƏLİYEV

Azpolitika.info

Aralarında “Bakı XXI əsr” MMC-yə məxsus 10-AZ-458 dövlət nömrə nişanlı avtomobilin də olduğu sürət yarışının videosunu bir daha təqdim edirik.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar