“HAFKA”NIN NEFT BİZNESİ DƏ ƏLİNDƏN ALINDI - “Bahar Enerji”də təhvil-təslim

“Hal-hazırda bütün işləri Əmir Mahmudzadə adlı iranlı iş adamı idarə edir”

Avropada futbol klubları almağa girişən Hafiz Məmmədov Azərbaycandakı mövqelərini bir-bir əldən verməkdədir. “Bank of Azərbaijan” əlindən alınandan sonra bunu təkzib edən, lakin sonradan reallıqla barışmalı olan iş adamı, bu dəfə neft biznesindəki payından da məhrum olmaq üzrədir. Bir müddət öncə “Bahar Enerji Əməliyyat Şirkətində” işçilərin əmək haqlarının yubadılması və şirkətin ağır maliyyə durumuna düşməsinə dair “Azpolitika” olaraq, məlumat vermişdik. Əldə etdiyimiz son məlumata ğörə isə, artıq “Hafka” ləqəbi ilə tanınan ış adamı ümumiyyətlə bu sahədən uzaqlaşdırılmaqdadır.

Belə ki, mənbəmizin məlumatına ğörə, sözügedən şirkətdə Hafiz Məmmədova aid iri texnikalar onun özünə qaytarılır və ərazidən yığışdırılır. Artıq 3 ədəd 50 tonluq kranın və bir neçə agır tonajlı və bahalı MAN markalı yük maşınlarının, digər texnikaların “Qum adasından” çıxarıldığı bildirilir. Bununla yanaşı gələn aydan şirkətdəki iş yerlərinin ixtisarı barədə söhbətlər dolaşmaqdadır. İşçilərlə 3 aydan artıq müddətə müqavilə bağlanması yasaq olunub. Əsasən qohum-əqrabalarını şirkətdə yüksək vəzifəyə gətirən Hafka onlara kifayət qədər yüksək əməkhaqları təyin edib. Lakin, unutmaq lazım deyil ki, bu iş tək ona aid deyil və Ziya Məmmədov başda olmaqla şəriklər mövcuddur.

“Hafka”nın şirkətdən konkret kimlər tərəfindən uzaqlaşdırıldığı barədə dəqiq bir şey deyə bilməsək(!) də, bunun “Bank of Azərbaijan” əməliyyatının davamı olduğunu söyləməyə ciddi əsaslar var. Çünki bu ölkədə xüsusilə də neft biznesinə hər adamın razılıgı ilə girmək və təbii ki, hər adamın tapşırığı ilə də oradan uzaqlaşdırılmaq mümkün deyil. Deməli, göstəriş Ziya Məmmədovu da çox-çox aşan yerlərdən gəlib. Hal-hazırda bütün işləri Əmir Mahmudzadə adlı iranlı iş adamı idarə edir. Onun da kimlərinsə(!) adamı olduğu barədə müxtəlif fikirlər söylənir. Rəsmi payçı kimi Baghlan Group, Greenfield İnternational RAFİ Oil-ə məxsus “Bahar Enerji Əməliyyat Şirkəti”nin Milli Məclis tərəfindən vergidən azad olunduğunu da unutmaq lazım deyil. Deməli, şirkət bugün olmasa da, sabah qat-qat artıq xeyir verə bilər. Ona görə də bütün istiqamətlərdə sıxışdırılan “Hafka”nın bu biznesdən kənarlaşdırılması istəyinin arxasında böyük maddi marağın durduğu da şübhəsizdir.

Bundan əvvəl Hafkanın ortağı olduğu bu şirkət Salyanda və Xəzərdəki 28 may yataqlarında çalışıb. Lakin hər birində təxminən 3 il civarında fəaliyyət göstərərək, belə demək mümkünsə, qaçıb. Deyəsən, “Qum adası”nı da eyni tale gözləyir. Mənbə bildirir ki, son dövrdə külli miqdarda vəsait qoyularaq qazılan 5 quyunun heç biri gözlənilən nəticəni verməyib. İngilis mühəndis və digər rəhbər işçilər isə buna rəğmən böyük miqdarda maaş almaqda davam edirlər. Qohum-əqrabaya verilən yüksək maaşlar və şişirdilən digər xərcləri də neftin az çıxması, hətta bəzən ümumiyyətlə çıxmamasının üzərinə gələndə, vəziyyət aydın olur. Yəni, sırf “Bank of Azərbaijan”da olduğu kimi. Bir gün sözügedən şirkətin bu layihədən çıxdığı barədə, yaxud rəsmi rəhbər şəxslərinin hamılıqla dəyişdirildiyinə dair məlumat yayılsa, buna təəccüblənmək lazım deyil.

Tahir M.

“Azpolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar