OLİQARX “AYFON 6” SOYĞUNÇULUĞUNDAN MİLYONLAR QAZANDI! – Azərbaycan reallığı

Dubayda 707 dollar, Rusiyada 831 dollar, Azərbaycanda 2159 dollar!

Artıq 5-6 gündür ki, dünyanın dörd gözlə yolunu gözlədiyi “Ayfon” (iPhone 6) smartfonlarının yeni modeli Azərbaycana da gəlib çıxıb. Ölkəmizdə heç də hər adamın cibinə uyğun olmayan bu “oyuncaq” yenə də inhisarçılıq səbəbindən dünyanın istənilən ölkəsi ilə müqayisədə ən baha qiymətə təklif olunur. İlk iki gündə “Ayfon 6” nə az-nə çox, 1695 manata (!) təklif olundu.

AzPolitika.info-nun məlumatına görə, bazara ötən həftənin şənbə günü çıxarılan smartfonun ilk partiyası, demək olar ki, dərhal satılıb. Təbii ki, bunun bir səbəbi məlum imkanlı və eyni dərəcədə də görməmiş təbəqənin acgözlüyü və yekəxanalığından irəli gələn tələbatla bağlıdır. Lakin bununla yanaşı telefon xəstəsi olan və imkanları daha məhdud bir zümrə də var ki, onlar da bazardakı tələbin formalaşmasında mühüm rol oynayır. Beləliklə də, yuxarıda qeyd olunan bu iki anormal alıcı kütləsi birləşərək, iki gün ərzində bütün dünyada xeyli ucuz qiymətə satışa çıxarılan “Ayfon 6”-nı piştaxtalardan silib-süpürməyə başladılar. Bu modelin Azərbaycandakı rəsmi distribyutoru olan “Caspian Mobile” şirkəti də, məlum məsələdir ki, qaz vurub, qazan doldurdu.

Sual olunur: o hansı bazar, menecment, nə bilim daha nə qanunlarıdır ki, yalnız 1 istehsalçısı olan və dünya bazarındakı qiymətində heç bir dəyişiklik baş verməyən bir məhsulun qiyməti elə həmin dünya qiymətlərilə müqayisədə əvvəlcə fantastik dərəcədə baha qiymətə satılır, iki gün sonra isə hələ təlabat ola-ola birdən birə qiyməti 500 avro (!) endirilir. İlk günlərlə müqayisədə hazırda “Ayfon 6” 1695 manatdan 1199 manata, “Ayfon 6 plyus” isə 1961 manatdan 1591 manata enib.

Əlbəttə ki, bu qiymətlərin özü də fantastik dərəcədə bahadır. Ancaq inanın ki, daha yuxarılardan kimlərinsə müdaxiləsi olmadan qiymətin belə kəskin şəkildə aşağı endirilməsi mümkün deyildi. Çünki mobil telefon bazarında 1695 manat qiymətinin hələ oktyabrın ortalarına qədər qalacağı barədə söz-söhbət gəzirdi.

Dünyada mütəxəssislərin hesablamalarına görə isə, “Ayfon 6”-nın maya dəyəri 200 dolları keçmir!

Müqayisə üçün bildirək ki, Rusiyada “Ayfon 6” 831 dollar, yəni 652 manata, “Ayfon 6 plyus” isə 1091 dollara, yəni 855 manata satılır!!! Dubayda isə 707 dollardır!

“Ayfon” istehsalçısının Azərbaycandakı bu analoqu olmayan qiymət dəyişikliyindən xəbəri olsa, bəlkə də sabaha çıxmaz. Çünki belə bir hoqqa çıxarmaq inanın ki, “Ayfon 7” istehsal etməkdən daha çox fərasət və istedad tələb edir...

Xatırladaq ki, Azərbaycanda İqtisadi İnkişaf Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti adlı qurumlar var...

Onu da xatırladaq ki, Azərbaycanın mobil telefon bazarında inhisarçılığın “United Telekom” şirkətinə, bu şirkətin isə Rusiya prezidenti Putinin dostu kimi tanınan İlham Rəhimovun kürəkəninə aid olduğu barədə mətbuatda mütəmadi yazılar dərc olunur. Hətta bəzən belə iddialar da irəli sürülür ki, bu biznesin əsl sahibi, əslində heç İlham Rəhimov da deyil, Putinin özüdür. “United Telekom” əsl sahibinin kimliyi mübahisəli ola bilər, lakin fakt budur ki, bu şirkət “Ayfon 6”-nı real dəyərindən dəfələrlə baha qiymətə Azərbaycan alıcısına sırımaqla, bir neçə gün ərzində fantastik gəlir əldə edə bildi.

Növbəti günlərdə mövzunu daha ətraflı araşdıracağıq və “United Telekom” şirkətinin də mövqeyini dərc etməyə hazırıq.

Tahir. M

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar