YENİ TƏHSİL NAZİRİ QOHUMBAZLIQ EDİR?

69 yaşına qədəm qoymuş Əsgər Quliyevin yenidən köhnə işinə qaytarılmasının təhsilimizə nə xeyri ola bilər?!

Məlumatlı mənbəyə istinadən musavat.com-un yazdığına görə, Mikayıl Cabbarov özündən əvvəlki təhsil nazirinin “vurduğu” kadrlardan birini – Əsgər Quliyevi dərslik və nəşriyyat şöbəsinə müdir gətirmək fikrinə düşüb. 2000-ci ilədək bu vəzifəni icra edən Əsgər Quliyev, tramplin kimi, hələlik həmin şöbəyə müdir müavini təyin edilib.

Xatırladırıq ki, Quliyev 2000-ci ildə dərslik nəşri sahəsində baş verən biabırçılıqlara görə, mərhum dövlət başçısı Heydər Əliyevin hiddətinin qurbanı olmuşdu. Belə ki, həmin ilin sentyabr ayının əvvəllərində paytaxtın 82 saylı məktəbində dərsliklərdəki qüsurlara görə Heydər Əliyev tərəfindən möhkəm danlanan Misir Mərdanov vəziyyətə uyğun olaraq dərslik və nəşriyyat şöbəsinin müdiri Ə.Quliyevi işdən çıxarmışdı. Bu gün onun şöbə müdiri Faiq Şahbazlıya müavin təyin edilməsini isə yenidən ona “yaşıl işıq” yandırılmasının əlaməti hesab etmək olar. Yəni, artıq Şahbazlının əvəzlənməsi üçün hazırlıq işlərinə start verilib.

Deyilənlər hələlik versiya kimi səslənsə də bu versiyanı dəstəkləyən bəzi məqamlar ortaya çıxıb. Bunlardan biri budur ki, mətbuatın yazdığına görə, Ə.Quliyev yeni nazir müavini Ceyhun Bayramovun yaxın qohumudur. İkincisi isə bəlli olub ki, Ə.Quliyevin bacanağı Natiq İsayev nazirin qaynatası, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun müavinidir. Ona görə də Ə.Quliyevin gözlənilən təyinatına nazirlikdə “qohumluq əlaqələrinin təntənəsi” kimi baxmaq olar.

Bütün bunlarla belə, təbii bir sual ortaya çıxır: Vaxtilə respublikamızda dərslik işini pis günə salmış və 69 yaşına qədəm qoymuş Əsgər Quliyevin yenidən köhnə işinə qaytarılmasının təhsilimizə nə xeyri ola bilər?!

V. Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar