“HAFKA” 18 CANGÜDƏNLƏ, 5 ZİREHLİ MAŞINLA GƏZİR - Fransızlar heyrətə gəlib

Fransa mətbuatı: “Bu qeyri-adi xarakterli milyarder 7 mobil telefon gəzdirir...”

Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Baghlan Group” şirkətlər qrupunun prezidenti, “Hafka” kimi tanınan milyarder Hafiz Məmmədov Fransanın “Lans” futbol klubunu almaqla deyəsən, başına əməlli-başlı iş açıb.

Virtualaz.org saytının izlədiyi kimi, H.Məmmədov həftələrdir Fransa mediasının və futbol ictimaiyyətinin gündəmindən düşmür.

Əvvəlcə fransız jurnalistlərə müsahibə verib onları 16 min avroluq saatlarla ələ almağa cəhd edən, daha sonra “Lans”ın oyununa baxmaq üçün Parisə ilk səfəri ilə bağlı videorolik hazırlatdırıb özünü Fransa publikasına Napoleonsayağı əda ilə təqdim edən H.Məmmədovun davranışları bu ölkənin mediasını əməlli-başlı heyrətləndirib. Özü də müsbət mənada yox.

Fransızlar hakimiyyətdəki güclü ortaqları sayəsində milyarderə çevrilən, Azərbaycan neftinin daşınması hesabına sürətlə varlanan iş adamının bir-birinin ardınca şəxsiyyətə pərəstiş xarakterli videoroliklərinin yayılmasından heyrətə gəlib. Digərləri isə onun pullarını hansı yolla qazandığını sorğu-sual edir və korrupsiyalaşmış birinin Fransa kimi demokratik və sivil Avropa ölkəsində futbol klubunu almasının nə dərəcədə düzgün olduğu məsələsini müzakirəyə çıxarır.

Yaxud fransızları o da maraqlandırır ki, H.Məmmədov nədən pullarını Avropa futboluna bu cür həvəslə yatırır və onun bu işdə marağı nədir...

Fransanın “Sport365.fr” və boursorama.com saytlarında yer almış məqalədə isə H.Məmmədovun qeyri-adi xarakterindən, fransız şərabına və dəbdəbəli qol saatlarına marağından bəhs edilir.

Virtualaz.org saytının xəbərinə əsasən məqalədə H.Məmmədovun “Baghlan Group” şirkətindən bəhs edilir. Yazıda göstərilir ki, bu şirkət dəmir yolu ilə Azərbaycan neftinin daşınmasını həyata keçirir. Bu biznes H.Məmmədovun 2000-ci illərin əvvəllərindən başlayaraq ildırım sürəti ilə varlanmasına səbəb olub.

Məqalədə bildirilir ki, bu cür varlanmasına görə H.Məmmədov daha çox nəqliyyat naziri ilə yaxın münasibətlərinə borclu olmalıdır.

“Əgər adamın 49 yaşı varsa və bu yaşda belə böyük sərvətə malikdirsə, o, buna hökmən kiminsə sayəsində nail olub. Əks halda o, ya ulduzdur, ya da bəxti təsadüfən gətirib” - deyə saytın məqaləsində bildirilir.

Sayt yazır ki, digər oliqarxlar, London “Çelsi”sinin sahibi Roman Abramoviç və “Monako”nun rusiyalı sahibi Dmitri Rıbolovlevdən fərqli olaraq H.Məmmədov futbola çox tez stavka qoymağa başlayıb. O, 2004-cü ildə yerli “Bakı” klubunu alıb. Bildirilir ki, Azərbaycan kimi ölkələrdə oliqarxların futbol klublarını alması beynəlxalq ictimai rəydə müsbət imic formalaşdırmaq üsullarından biridir.

“Lakin azərbaycanlı maqnat öz ölkəsinin sərhədləri ilə məhdudlaşmaq fikrində deyil. O, Madridin “Atletiko” və Portuqaliyanın “Portu” klublarında da paya sahib olmaq istəyir. 7 mobil telefonla, 18 mühafizəçi ilə və 5 zirehli “Mercedes”də gəzən adam futbol klublarını almağın əhəmiyyətini başa düşür. Və öz populyarlığını artırmaq üçün Fransa futbolunun landşaftında tarixən mövcud olmuş “Lans” klubunu seçir” - deyə məqalədə bildirilir.

Sayt onu da yazır ki, H.Məmmədov imicini yaxşılaşdırmaq üçün Fransa mediası ilə işləməyə çalışır. O, “Lans” klubunu ağır maliyyə problemindən xilas etmək üçün 20 milyon dollar investisiya qoyub və bu səbəbdən klubun azarkeşləri, Fransa futbol ictimaiyyəti H.Məmmədovun necə adam olmasına göz yummağa hazır görünür.

Bəs görəsən, H.Məmmədov 18 cangüdənlə gəzərkən kimdən ehtiyat edir? Doğrudanmı onun düşmənləri bu qədər çoxdur?

Axı bir çox ölkələrin prezidentləri belə bu qədər mühafzəçi ordusu ilə gəzmir. Məsələn, Azərbaycan prezidenti İlham Əliyevi müşayiət edən mühafizəçilərin sayı heç bu qədər olmaz. Yaxud 5 zirehli “Mercedes” “Hafka”nın nəyinə lazımdır? Axı hər birinin qiyməti yüz minlərlə dollardan milyon dollara qədər olan zirehli limuzinlərin biri-ikisi də ona bəs edərdi.

7 mobil telefonu isə başa düşmək olar. Axı H.Məmmədov çox məşğul adamdır və indi o həm də məşhur adam olmaq istəyir - özü də Avropada. Ehtimal ki, o, telefonlardan birini “Lans” klubu, digərini “Bakı” klubu, üçüncüsünü “Atletiko” klubu ilə əlaqə saxlamaq, dördüncüsünü “Baghlan Group”un işlərini həll etmək, beşincisini nəqliyyat naziri Ziya Məmmədovla danışmaq, altıncısını ailə üzvləri və digər yaxınları ilə ünsiyyət saxlamaq üçün istifadə edir. Yeddincisini isə daha yazmırıq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar