Menu

Vaxtı keçmiş kreditlərin həcmi 1 milyard manat olub

05.03.2015, 23:59

kreditƏhalinin banklardakı əmanətləri və istehlak kreditləri azalıb, manatın dövretmə sürəti ən aşağı həddə düşüb...

Ölkə banklarında əmanətlərdə manatdan imtina olunur. Fevralın 1-nə olan məlumata görə, banklarda əhalinin 7 milyard 121,3 milyon manat əmanəti olub. Bu məbləğin 4 milyard 276,3 milyon manatı milli valyuta ilə, 2 milyard 845 milyon manatı xarici valyuta ilə (dollarda) yerləşdirilib. Əhalinin banklardakı əmanətləri yanvar ayında 67,1 milyon manat və ya 0,9 faiz azalıb.

Diqqəti çəkən tendensiya xarici valyutada olan əmanətlərin artmasıdır. Xarici valyutada olan əmanətlər yanvar ayında 79 milyon manat (köhnə məzənnə ilə 100,7 milyon dollar) artıb. Son 4 ayda isə xarici valyutada olan əmanətlər 307 milyon manat (köhnə məzənnə ilə 391,4 milyon dollar) artaraq 2 milyard 538,6 milyon manatdan 2 milyard 845 milyon manata yüksəlib.

Cari ilin yanvar ayında milli valyutada olan əmanətlər 146,1 milyon manat azalıb. Bu azalmanın 67,1 milyon manatını geri götürülən əmanətlər, 79 milyon manatını isə xarici valyutaya çevrilən əmanətlər təşkil edib. Son 2 ayda 2014-cü ilin dekabrı və 2015-ci ilin yanvarı) isə milli valyutada olan əmanətlər 205,8 milyon manat azalıb. Fevral ayının 1-nə olan məlumata görə, banklardakı əmanətlərin 6 milyard 463,6 milyon manatı rezidentlərə, 657,7 milyon manatı qeyri-rezidentlərə (xarici vətəndaşlara) məxsus olub. Yanvar ayında rezidentlərin banklardakı əmanətləri cəmi 8,9 milyon manat azaldığı halda, qeyri-rezidentlərin əmanətləri 58,2 milyon manat azalıb.

Xaricilər əmanətlərin 120,4 milyon manatını milli valyutada, 537,4 milyon manatını isə xarici valyutada banklara yatırıblar. Xaricilərin banklarda, 2014-cü ilin yanvar ayında 619 milyon manat, dekabrında isə 587,2 milyon manat xarici valyutada əmanəti vardı. Qeyd edək ki, Mərkəzi Bank devalvasiyanı fevralın 21-də həyata keçirib. Fevral ayında dollara çevrilən əmanətlərin daha da artmış şəkildə açıqlanacağı gözlənilir.

Mərkəzi Bank isə bu ilin yanvar ayında ölkə üzrə kredit qoyuluşunun 37,2 milyon manat atdığını bildirir. Ekspert Samir Əliyevin sözlərinə görə, özəl bankların kredit qoyuluşu isə 244,6 milyon manat azalıb. Azalma xarici kapitala malik olmayan yerli bankların hesabına baş verib. Vaxtı keçmiş kreditlərin həcmi 54,6 milyon manat artaraq 1 milyard manatı ötüb. Artım milli valyuta hesabına baş verib. Xarici valyutada olan kreditlərin həcmi 18,6 milyon manat azalıb. Əmanət qoyuluşu 67,1 milyon manat azalıb. Milli valyutada olan əmanətlər 146,1 milyon manat azalıb, xarici valyutada olan əmanətlər isə 79 milyon manat artıb. Həmçinin, xarici valyutada olan əmanətinin ümumi əmanət qoyuluşunda payı 40 faizə yüksəlib. İstehlak kreditləri 2009-cu ildən bəri ilk dəfə olaraq azalıb və 7,7 milyon manat olub. Manatın dövretmə sürəti ən aşağı həddə- 2,68 olub. Banklarin aktivləri 345 milyon manat azalaraq 24,8 milyard manata düşüb. Mənfəətlə işləyən bankların sayı artıb, zərərlə işləyənlərin sayı isə azalıb. Hazırda hər 9-cu bank zərərlə işləyir.

Ümumilikdə 2014-cü ilin yekunlarına görə, Azərbaycanda əhalinin banklardakı əmanətlərinin 40 faizi, yəni 2 milyard 845 milyon manatlıq hissəsi xarici valyutada yerləşdirilib. Azərbaycan manatının təxminən 34 faiz dəyərdən düşdüyünü nəzərə alsaq, bankların əmanətçilərinə qaytaracağı məbləğ (faizlər nəzərə alınmadan) 960 milyon manat çox olacaq. Devalvasiyaya qədər 2 milyard 845 milyon manat 3 milyard 624 milyon dollara bərabər idi. İndi isə əmanətlərin məbləği yeni məzənnə ilə 3 milyard 805 milyon manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol